Şamaxı və ətraf rayonlardan olan 60 sahibkara 563 min manat güzəştli kredit verilib
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum oktyabrın 15-də Şamaxı rayonunun Muğanlı kəndində keçirilib. Forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatın verilməsi, Şamaxıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
İşgüzar forumu rayon icra hakimiyyətinin başçısı Asif Ağayev açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şamaxıda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan, bu sahədə sahibkarların rolundan danışıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına məlumat verərək bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 4 min 400-dən çox sahibkara 166 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 min 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1707 investisiya layihəsinin maliyyələşdirilməsinə 58,4 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer təsərrüfatlarının, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir istehsalı, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 60 sahibkara 563 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, taxılçılıq, üzümçülük, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Sonra Şamaxı rayonunun Hacıqədirli kəndində güzəştli kreditlər hesabına 250 hektar sahədə salınmış intensiv bağçılıq, Çarhan kəndində 73 hektar sahədə intensiv üzümçülük təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə son illər Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2788 hektar ərazidə 39 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 39,4 milyon manat güzəştli kredit verilib.