“Azərbaycanın ədəbiyyat paytaxtı” Şamaxıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilmişdir
Oktyabrın 9-da “Azərbaycanın ədəbiyyat paytaxtı” Şamaxıda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə xalq şairi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzmüşlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açaraq Prezident cənab İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamını ədəbiyyatımıza verilən yüksək qiymət kimi dəyərləndirmiş, Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının şairi olduğunu bildirmişdir. Gülnisə Ələkbərova həmçinin fəlsəfi-intellektual poeziyanın nümunələrini yaradan qüdrətli şairin 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərdiyini qeyd etmiş, görkəmli şair və ədəbiyyatşünas B.Vahabzadənin çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olduğunu vurğulamışdır.
Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktotu Asif Usubəliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, AMEA-nın Folklor İnstitutunun Mərasim şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli və Şamaxı şəhər Avropa liseyinin müəllimi Səadət Rüstəmova çıxış ediblər. Çıxışlarda görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılmış, onun yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs edilmişdir. Bildirilmişdir ki, Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləmiş, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr vermişdir. Qeyd olunmuşdur ki, şair, filosof, akademik, ictimai xadim olan Bəxtiyar Vahabzadə poeziyasında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır, Azərbaycan dilinə, onun saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə sevgi sənətkarın yaradıcılığının ruhunu təşkil edir. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanmışdır.
Çıxışlarda həmçinin B.Vahabzadənin 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olduğu qeyd edilmişdir.
Sonda tədbir iştirakçılarına şairin “Ömür qatarı” kitabı və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış kitab və metodik vəsaitlər hədiyyə edilmişdir.