Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda prokurorluq işçilərinin peşə bayramı qeyd edilmişdir

01 oktyabr 2015 | 15:00

Bu gün Şamaxı Rayon İcra Hakimiyyətinin iclas zalında 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
   Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, respublikamızın prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən danışmışdır. Natiq vurğulamışdır ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxmış, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.
    Ümummilli lider Heydər Əliyev 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar hadisənin qeyd olunmasını rəsmiləşdirmişdir.
Rayon rəhbəri çıxışında prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır.
      Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Zakir Müslümov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə etmişdir. Natiq çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etmiş, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulamışdır.
      Tədbirin sonunda xidmətdə fərqlənən prokurorluq əməkdaşlarına rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilmişdir.

Keçidlər