Şamaxıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi və Milli Musiqi gününə həsr olunmuş konsert keçirilmişdir
Sentyabrın 18-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Bakı şəhəri Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi və Milli Musiqi gününə həsr olunmuş birgə konserti keçirilmişdir.
Konsertdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Konserti mərkəzin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq Rəfiqə Qəhrəmanovanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Cəngi” əsərini ifa etmişdir. Daha sonra Bakı şəhəri Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Qaragöz”, “Sənsiz” əsərlərini, “Arşın mal alan” operettasından müqəddimə və Asyanın mahnısını, “Koroğlu” operasından və “Arşın mal alan” operettasından qızların xorunu ifa etmişlər.
Konsert proqramına xalq mahnıları, milli rəqslər də daxil edilmiş, şagirdlərin ifasında “O olmasın, bu olsun” musiqili komediyası və “Arşın mal alan” operettasından kompazisiyalar nümayiş etdirilmişdir.
Konsertdə çıxış edən şagirdlərdən Nərmin Hüseynova, Zöhrab Əsədov, Həyat Əhmədova, Camal Qocayev, Ləman Osmanova, Cavanşir Məmmədov və başqalarının ifaları tamaşıçılarda xoş ovqat yaratmış, arası kəsilməyən alqışlarına səbəb olmuşdur.
Sonda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək dahi bəstəkar, ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolundan danışmış, onun 130 illiyininə və Milli Musiqi gününə həsr olunmuş konsertin yüksək səviyyədə keçirilməsində iştiraklarına görə hər bir iştirakçıya, xüsusilə Bakı şəhəri Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbinin rəhbər heyətinə öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.