Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir
Qədim Şamaxı bu gün yeni inkişaf dövrünü yaşayır. Bir tərəfdən abadlıq və quruculuq işlərinin gündən-günə sürətləndirilməsi, digər tərəfdən əhalini narahat edən sosial problemlərin bir-birinin ardınca uğurla həll edilməsi rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanır.
Hazırda rayonda ən çox diqqəti çəkən sahə məktəb tikintisidir. Bu gün rayonun altı kəndində yeni məktəb binası inşa olunur. Belə ki, Göylər kəndində 360, Həmyəli kəndində 180, Kərkənc kəndində 120, Qonaqkənd, İkinci Çaylı və Böyük Xınıslı kəndlərin hər birində 80 yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir.
Şəhərin mərkəzi küçələrindən biri olan “Şirvan”ın siması tamamilə dəyişdirilir. Küçədə yerləşən ictimai və inzibati binaların, fərdi yaşayış evlərinin fasadlarına milli memarlıq üslubunda yeni üzlük material çəkilmiş, dam örtükləri, binaların küçəyə baxan hissəsində yerləşən qapı və pəncərələri dəyişdirilmiş və yeni müasir səkilər çəkilmişdir. Küçədə su, kanalizasiya və qaz xətlərinin bir hissəsinin çəkilişi başa çatdırılaraq şəbəkəyə qoşulmuşdur. Bu iş həmçinin şəhərin digər küçələrində də davam etdirilir.
N.Nərimanov küçəsinin abadlaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, bu küçənin əsas hissəsinə ikiqat yeni asfalt örtük vurulmuş, küçənin sel sularından qorunması məqsədilə suötürücüləri çəkilərək səki daşları dəyişdirilmiş və üzərinə asfalt örtük salınmışdır. Qısa müddət ərzində həmin küçənin asfaltlaşdırılması başa çatdırılacaqdır. Heydər Əliyev küçəsindəki mövcud istinad divarları milli memarlıq üslubunda bəzədilmiş, səki daşları dəyişdirilmiş və səkinin üst örtüyünə mozaik piltələr döşənmişdir. Şəhərin S.Ə.Şirvani və digər küçələrində,eləcə də böyük şairimiz İmadəddin Nəsiminin adını daşıyan parkda da abadlıq və əsaslı təmir işləri davam etdirilir.
“Yeddigünbəz” qəbirstanlığında namaz qılınması üçün yerin tikilməsi rayon əhalisi tərəfindən razılıq hissi ilə qarşılanmasına səbəb olmuşdur.