Şamaxıda təhsil işçilərinin növbəti sentyabr konfransı keçirilib
Sentyabrın 3-də Şamaxıda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzmüşlər.
Rayon Mədəniyyət Sarayında davam edən konfransda rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev 2014-2015-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdikdən sonra məruzə ətrafında şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, Əhmədli kənd tam orta məktəbin direktoru İbrahim Maniyev, Avaxıl kənd tam orta məktəbin müəllimi, ötən tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Sahib Şirinov və Göylər kənd 2 saylı tam orta məktəbin məzunu, qəbul imtahanında yüksək nəticə göstərmiş Nərgiz Məhəmmədova ətraflı çıxış etmişlər.
Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi Şamaxıda da yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bəziləri əsaslı təmir edilmişdir. Həmçinin ötən dərs ilində rayonun Mədrəsə qəsəbə tam orta məktəbi üçün 380 yerlik və Şərədil kənd ümumi orta məktəbi üçün 80 yerlik yeni binalar tikilmişdir ki, hazırda hər ikisində son tamamlanma işləri aparılır.
Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunmuşdur.
Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov da çıxış etmişlər.
Rayon rəhbəri çıxışında 2014-2015-ci tədris ilində əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə geniş məlumat vermiş, buraxılmış nöqsanların aradan qaldırılması üçün öz tövsiyələrini bildirmişdir.
Sonda 2015-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 9 məzun rayon icra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmiş, onlara qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.