Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilmişdir
FHN Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsi tərəfindən Şamaxıda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
Kompleks təlimə rayon İcra Hakimiyyətinin aparatı, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunmuşdur.
Təlimin gedişini rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev izləmişlər.
Kompleks təlimin keçirilməsində məqsəd "Mülki müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun, "Mülki müdafiənin təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirmişlər.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, o cümlədən Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı şöbəsinin, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin xilasetmə dəstəsinin şəxsi heyəti iştirak etmiş, təlim zamanı rayonun MM xidmətləri və obyektlərinin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə verilmiş tapşırıqların həyata keçirilməsini təmin etmişlər.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir. Kompleks təlimdə şəhərin hərbiləşdirilməmiş dəstələrinin 230 nəfər şəxsi heyəti və 38 ədəd müxtəlif təyinatlı texnikası iştirak etmişdir.
Təlim zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.