Şamaxıda zona müşavirəsi
25 iyun 2015-ci il tarixdə Şamaxıda Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasından irəli gələn vəzifələr mövzusunda zona müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun “Fəaliyyət planı”na uyğun olaraq rayon təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyətinin gücləndirilməsi və strategiyada nəzərdə tutulan məsələləri müzakirə etmək məqsədilə təşkil olunan zona müşavirəsinə 10 rayon - Şamaxı, Ağsu, Qobustan, Bərdə, Ucar, Kürdəmir, Göyçay, Sabirabad, İsmayıllı və Hacıqabul rayonları cəlb olunmuşdur.
Tədbirin daha yüksək və işguzar səviyyədə keçirilməsini nəzərdə tutan təşkilat komitəsi hər cür hazırlıq işləri görmüş, müşavirənin Şamaxı Astrofizika Rəsədxanasının akt zalında keçirilməsini qərara almışdır.
100 nəfərə yaxın iştirakçının qatıldığı müşavirə maraq dairəsində öz işinə birinci olaraq şöhrətli Rəsədxananın baş teleskopuna ekskursiya ilə başladı.
Burada səma cisimləri ilə bağlı ətraflı tanışlıqdan sonra xatirə şəkilləri çəkildi.
Bundan sonra Rəsədxananın akt zalında davam edən zona müşavirəsini açıq elan edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova sözü Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzova verdi.
O, müşavirə iştirakçılarını salamlayaraq, iş reqlamenti hər bir iştirakçıya müzakirələrdə sərbəstlik yaradılacağı barədə məlumatlar verdikdən sonra, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn mühüm vəzifələri şərh etdi.
Daha sonra o müşavirədə iştirak edən Təhsil Problemləri İnstitutunun əməkdaşlarını təqdim etdi.
İşgüzar şəraitdə keçən müşavirədə TPİ-nin direktor müavini Ənvər Abbasovun “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun həyata keçirilməsi ilə bağlı vəzifələr barədə, TPİ-nin direktor müavini Rəfiq Qəndilovun “12 illik təhsilə keçid: perspektivlər”, TPİ-nin Əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva “Metodik mərkəzlərin fəaliyyətinin yenidən qurulması: başlıca istiqamətlər”, TPİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Elxan Bəylərov “İstedadlı uşaqlarla işin istiqamətləri”, TPİ-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: qarşıya cıxan cətinliklər, onların aradan qaldırılması yolları” mövzusunda çıxış etdilər.
Bundan sonra təklif, rəy və sorğular dinlənildi. Bu mərhələdə iştirakçılara 1 saatdan artıq vaxt verildi və institut əməkdaşları hər bir sorğuya lazımi cavablar verməklə yanaşı Dövlət Strategiyasında nəzərdə tutulan digər sahələrlə bağlı açıqlamalar da verdilər.
Yüksək fəallıq və işgüzarlıq şəraitində keçən müşavirədə Şamaxı RTŞ-nin müdiri Eyvaz Eminaliyev Təhsil Problemləri İnstitutunun əməkdaşlarına dəyərli çıxışlarına görə dərin minnətdarlığını bildirərək, zona müşavirəsində iştirak edən qonaqların təhsilimizin davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biri kimi bu günki tədbirdən maksimum dərəcədə faydalandıqlarından məmnun qaldığını tədbir iştirakçılarının nəzərlərinə çatdırdı.
Zona müşavirəsinə yekun vuran TPİ-nin direktoru Qulu Novruzov və Şamaxı RİH başçısının müavini Gülnisə Ələkbərova sonda xatirə şəkilləri çəkdirdilər.