Şamaxıda «Narkomaniya bəşəriyyətin bəlasıdır» mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Şamaxıda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri, şagird və tələbələr iştirak etmişlər.
Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Qasım Qasımov rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Mayak” filmi nümayiş olunmuşdur.
Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev çıxış edərək Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirlərinin də görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etmişdir. Bildirmişdir ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış və bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulamışdır. Natiq həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur.
Tədbirdə rayon məhkəməsinin sədri Təranə Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, rayon təhsil şöbəsinin işçisi Babalar Ağayev, mərkəzi rayon xəstəxanasının həkim-narkoloqu Mamed Abdulrazaqov və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının əməkdaşı Güləndam Səfərova çıxış edərək “ağ ölümə” qarşı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmış, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermişlər.
Konfransda xüsusi olaraq qeyd edilmişdir ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.