“Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı olmuşdur
İyulun 30-da rayon mədəniyyət sarayında Milli Məclisin deputatı Elxan Süleymanovun və rayon icra hakimiyyətinin təşkilatçılığı və köməyi ilə çəkilmiş “Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı olmuşdur.
Erməni daşnaklarının 1918-ci ilin martında Şamaxıda törətdikləri soyqırımına həsr olunmuş sənədli filmin təqdimat mərasimində Milli Məclisinin deputatları Elxan Süleymanov, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Türkiyədən gəlmiş Avropa Qəzetəçiləri dərnəyinin başqanı Adnan Fişenk, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov və başqaları çıxış edərək sənədli filmin ermənilərin törətdikləri soyqırımla əlaqədar tarixi həqiqətlərin üzə çıxarılması və geniş ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, 1918-ci il soyqırımı zamanı ermənilər tərəfindən Azərbaycanın bir cox bölgələrində, o cümlədən Şamaxı qəzasında da tarixdə analoqu olmayan qətlyamlar törədilmişdir. Belə ki, Stepan Şaumyanın göstərişi ilə Lalayanın başçılıq etdikləri silahlı erməni dəstələri Şamaxı şəhərində və onun 58 kəndində Azərbaycan türklərinə qarşı kütləvi soyqırım törətmişlər. Cumhuriyyət dövründə yaradılmış istintaq komissiyası tərəfindən yarımçıq qalmış araşdırmalara görə bu qəzada 8047 nəfəri qətlə yetirmiş, 58 kənd yandırmışdır. Lakın ötən əsrin 90-cı illərindən bəri aparılan tarixi araşdırmalar ermənilər tərəfindən törədilmiş soyqırımının daha dəhşətli nəticələrini üzə çıxarmışdır. Şahidlərin deməsinə görə Şamaxı rayonunda soyqırımının törədildiyi əsas ərazilərdə aparılacaq arxeoloji qazıntılar zamanı daha dəhşətli mənzərəni aşkar edəcəkdir.
Təqdimat mərasiminin iştirakçıları erməni yalanlarının ifşa edilməsində, onların zaman-zaman törətdikləri soyqırımı barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında belə sənədli filmlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.