Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2015-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

23 iyul 2015 | 15:00

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasındakı nitqindən irəli gələn vəzifələr Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasında müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Asif  Ağayev çıxış edərək bildirmişdir ki, 2015-ci ilin birinci yarısında rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin altı ayında rayonda 64,9 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6  milyon manatdan və yaxud 5,8 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,3 milyon  manat olmuşdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,5 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 7,3 milyon manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 96,1 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23,6 milyon manat olmuşdur. 2015-ci ilin altı ayında rayon üzrə 452 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 11564 iş yeri yaradılmışdır ki, bunun da 8893-ü daimi iş yeridir.
Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə  24,4  mln. manatlıq məhsul istehsal edilmişdir. 2015-ci ilin məhsulu üçün 21605 ha sahədə yazlıq və payızlıq əkinlər əkilmişdir ki, (keçən ilin müvafiq dövründən 2802.5 ha və yaxud 15 faiz çox) bunun 19680 hektarı strateji məhsul olan dənlilərdir.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlərimiz tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
Natiq öz çıxışında qeyd etmişdir ki, cari ilin altı ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Rayonun Mədrəsə qəsəbəsində 380 yerlik tam orta məktəbin, Şərədil kəndində 80 şagird yerlik ümumi orta məktəbin binalarında, 5 saylı 100 yerlik uşaq baxçası-körpələr evinin, 36 mənzilli şəhid və əlillər üçün nəzərdə tutulmuş binanın və regional qeydiyyat şöbəsi üçün nəzərdə tutulmuş binanın inşası davam etdirilmişdir. Bundan əlavə S.Ə.Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik uşaq baxçası-körpələr evinin layhiyyə sənədləri hazırlanmışdır. 4 saylı 100 yerlik uşaq baxçası-körpələr evinin tikintisi üçün RİH-i tərəfindən tender elan edilmişdir. Binanın tikintisi bu il nəzərdə tutulmuşdur.
Diqqətə çatdırılıb ki, ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 18 min ədəddən çox ağac və gül kolları əkilmişdir.
2015-ci ilin birinci yarısında rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Hazırda rayonun 40 yaşayış massivində 17170 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 87,4 faizini təşkil edir.
2015-ci ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində  rayonda ictimai-siyasi sabitlik  davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər