Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mərzəndiyə kəndinə təbii qaz verilmişdir

15 iyul 2015 | 15:00

İyulun 15-də rayonun Mərzəndiyə kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin rəis müavini Zeynal Həmidov, Birliyin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov, rayonun idarə, müəssisə və təkşilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumatlar vermişdir. Asif Ağayev həmçinin qeyd etmişdir ki, Mərzəndiyə kəndi rayonun təbii qazdan istifadə edəcək 41-ci yaşayış məntəqəsidir və hazırda rayonda olan təsərrüfatların 87,4 faizi təbii qazla təmin olunmuşdur.
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin rəis müavini Zeynal Həmidov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş və bildirmişdir ki, 187 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10410 metr müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 187 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə kənd ağsaqqalı Çingiz Babayev, sakin Ağamurad İsrafilov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Faiqxan Mehrəliyevin evinə gedərək təbii qaz verilişinin açılışını etmişlər.

Keçidlər