Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda «Narkotiklərə yox deyək!» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

10 iyul 2015 | 15:00

Şamaxıda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri, şagird və tələbələr iştirak etmişlər.
Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Qasım Qasımov rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Şamaxı rayon prokuroru Zakir Müslümov, rayon məhkəməsinin sədri Təranə Hüseynova, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, mərkəzi rayon xəstəxanasının həkim-narkoloqu Mamed Abdulrazaqov və rayon sakini İlahə Ağayeva çıxış edərək, “ağ ölümə” qarşı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmış, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermişlər.
Konfransda xüsusi olaraq qeyd edilmişdir ki, narkomaniya ilə mübarizə, həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.

Keçidlər