Şamaxı Astrofizika Rəsədxanasında Günəş fizikası və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “Günəş və Günəş tipli ulduzların dəyişikliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusunda iyulun 6-da Bakıda işə başlayan beynəlxalq konfrans iyulun 8-də AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında sessiya ilə işini başa çatdırmışdır.
11 ölkədən, o cümlədən ABŞ, Rusiya, Almaniya, İngiltərə, Danimarka, Ukrayna, Fransa, İsrail, Bolqarıstan, Özbəkistan və Gürcüstandan tanınmış elm adamlarının qatıldığı beynəlxalq konfransın iştirakçıları rəsədxanada ilk öncə Almaniyada 1964-cü ildə istehsal olunan, ikimetrlik teleskopla və horizontal günəş teleskopu ilə tanış olmuşlar. Burada qonaqlara rəsədxanada aparılan son elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı tədqiqatların intensiv və səmərəli aparmasına hər cür imkan yaratmışdır. Belə ki, ölkə başçısının ayırdığı vəsait hesabına astrofizika rəsədxanasında yenidənqurma, əsaslı təmir işləri aparılmış, alimlərin mənzil və iş şəraiti yaxşılaşdırılmışdır. Hazırda burada günəş teleskopları modernləşdirilir, kosmik hava mərkəzi formalaşdırılır.
Sessiyada İsrailin Kosmik Şua və Kosmik Hava Mərkəzinin təsisçisi və direktoru professor Lev Dorman “Yer sivilizasiyası üçün təhlükə yaradan kosmik şüalar və digər kosmik hadisələr: kosmik şua xəbərdarlıq sistemi və ilk addımlar”, Odessa Milli Dənizçilik Universitetinin professoru İvan Andropov “Günəş tipli ulduzların və əlaqələndirilən obyektlərin dəyişkənliyi: bəzi metod və nəticələr”, Şamaxı Astrofizika rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru professor Nəriman İsmayılov “Baş ardıcıllığa çatmayan Günəş tipli ulduzların parlaqlıq əyriləri”, rəsədxananın baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədov “Günəş tacının qızmasında və maddə balansında spikulların rolu”, rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Orxan Xəlilov “T Buğa ulduzunun şüalanma spektrində kvaziperodik dəyişmələr”, rəsədxanasının elmi işçisi dissertant Günel Bahəddinova “R Y Buğa Günəş toplu cavan ulduzunda spektral dəyişkənlik” mövzularında məruzələr etiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, konfrans, mütəxəssislərin elmi məruzələri astrofizika rəsədxanasında çalışan gənc alimlərin elmin müasir sahələrinin inkişafına diqqət və maraqlarının artmasında da mühüm əhəmiyyət daşıyır.
Sonda Şamaxı rayon musiqiçilərinin ifasında maraqlı konsert proqramı təqdim edilmişdir.