Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Şamaxıda elmi-praktik konfrans keçirilib

08 iyun 2022 | 17:55

8 iyun 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Şamaxı rayon Mədəniyyət mərkəzində  26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun rəhbərinin müavini Vasif Quliyev, Rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini Səid Seyidov, Dağlıq Şirvan Regional Təhsil idarəsinin Şamaxı rayonu üzrə sektor müdiri Məsud Babayev, Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, gənclər, tələbələr, məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov bildirdi ki: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Azərbaycan Respublikasında aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır. "

Daha sonra, çıxış edənlər Vasif Quliyev, Səid Seyidov, Məsud Babayev, Şahmar Hüseynov narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu,  bildirdilər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.

Tədbir çərçivəsində “Ölüm Qapıda” qısametrajlı filmi nümayiş olundu və tədbir iştirakçılarını maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırmaqla müzakirə formatında davam etdi. 

Keçidlər