Şriftin ölçüsü :

Saytın rəngi :

“Sabir poeziya günləri” Şamaxıda davam edir

31 may 2015 | 15:00

Mayın 31-də Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində ənənəvi tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Milli Məclisin deputatı Aqil Abbas, xalq şairi Sabir Rüstəmxanlı, əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin Türkiyə və Cənubi Azərbaycandan gəlmiş qonaqlar iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzmüşlər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir İncəsənət Təhsili Mərkəzində davam etmişdir.
Tədbiri giriş sözü ilə şair Əjdər Ol açmış, bu bayramın tarixindən, əhəmiyyətindən geniş bəhs etmişdir. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Sabir poeziya bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, xalq məhəbbətindən söz açmışdır.
Sonra çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışmış, Sabirin doğma yurdu – Azərbaycan ədəbiyyatına dahi ədiblər bəxş etmiş Şamaxının Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edildiyini xüsusi vurğulamışdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Milli Məclisin deputatı Aqil Abbas, xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi İlqar Fəhmi, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, türk şairlər Ataol Bəhramoğlu, Ərtoğrul Kəsgin, Cənubi Azərbaycandan olan şair Sayman Aruz və digər şair və yazıçılar çıxış edərək Mirzə Ələkbər Sabirin keçdiyi çətin həyat yolundan danışmış, Sabirin və onun şeirlərinin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulamış, ustad sənətkara sonsuz ehtiramlarını ifadə etmişlər.
Tədbirdə qiraət ustası, əməkdar artist Ağalar Bayramov M.Ə.Sabirin şeirlərini əzbər söyləmiş, əməkdar mədəniyyət işçisi, Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad Şirvanlının ifasında aşıq mahnıları, xalq artisti Zabit Nəbizadə, əməkdar artist Firuz Səxavət və xalq tərəfindən sevilən incəsənət xadimləri, Respublika Muğam müsabiqələrinin qalibləri Abgül Mirzəliyev və Şahmar Hacıyevin ifasında muğam və xalq mahnıları səsləndirilmişdir.

Keçidlər