Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şamaxıda möhtəşəm Alov festivalı

30 may 2015 | 15:00

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 30-da axşam saatlarında Şamaxı şəhərinə gətirilmişdir.
Bütün dövrlərdə Azərbaycan tarixində mühüm rola malik olmuş Şamaxı bu gün Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan bənzərsiz şəhərlərimizdəndir. Bu zəngin tarixi-mədəni irsin qorunması sayəsində Şamaxı, həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevrilmişdir.
Avropa Oyunlarının məşəl estafeti şəhərin mərkəzində Heydər Əliyev parkının qarşısından start götürdü. Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şamaxı bu gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.
Poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov Parkın önündə, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra məşəl estafeti avtovağzal dairəsinə doğru istiqamət götürmüşdür. On məşəlçi Heydər Əliyev prospekti və S.Ə.Şirvani küçələri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2,81 km-dən artıq məsafə qət etmişlər. Estafetin sonuncu iştirakçısı - Benç-Press idman növü üzrə Avropa çempionu Fərid Səmədzadə səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırmışdır. Əraziyə toplaşan minlərlə Şamaxı sakini bu unudulmaz anı böyük coşqu və alqışlarla qarşılamışlar.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırmış və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil vermişdir.
Daha sonra möhtəşəm alov festivalı başlanmışdır. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaratmışdır.
Alov festivalı atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər