"Şamaxı ensiklopediyası” saytının təqdimat mərasimi keçirilmişdir
Mayın 15-də Şamaxı İncəsənət Təhsili Mərkəzində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanmış "Şamaxı ensiklopediyası” saytının təqdimat mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi, alim və ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Şamaxının millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev tədbir iştirakçıları və qonaqları salamlamış, çıxış üçün sözü Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə vermişdir. İcra başçısı rayon haqqında ensiklopediyanın yaradılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, arzu və tövsiyələrini yaradıcı heyətə çatdırmışdır.
Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev saytın strukturu ilə bağlı ətraflı məlumat vermiş və saytın informasiya baxımından zənginləşdirilməsi üçün şamaxılıların yaradıcı qrupa kömək edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Nadir Abdullayev, "Şamaxı” monoqrafiyasının müəllifi, tarix üzrə fəlsəfə doktoru Nailə Ciddi, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev, rayon təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, fizika üzrə fəlsəfə doktoru Əliqulu Xəlilov çıxış edərək "Şamaxı ensiklopediyası”nın yaradılması təşəbbüsünü alqışladıqlarını bildirmiş və saytın fəaliyyətinə uğurlar diləmişlər. Tədbirdə qeyd edilmişdir ki, Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olmuş, təbii coğrafi şəraiti, strateji mövqeyi, istedadlı insanları ilə dünyada şöhrət qazanmışdır. Bu baxımdan Şamaxının 2015-ci il üçün "Azərbaycanın Ədəbiyyat Paytaxtı” seçilməsinin də təsadüfi olmadığı qeyd edilmişdir. Həmçinin Şamaxının bu günlərdə Bakı-2015 Avropa Oyunlarının məşəlini qarşılamağa hazırlaşdığı da xüsusi vurğulanmışdır.
Şamaxının millət vəkili Elxan Süleymanov çıxış edərək Şamaxıda Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və neçə-neçə dahilərin yetişdiyini diqqətə çatdırmış, Azərbaycanın mədəniyyət, tarix, poeziya, coğrafiya, tibb, məktəb, dərslik, sənətkarlıq, memarlıq, musiqi və başqa sahələrdə inkişafına dəyərli töhfələr bəxş etmiş şamaxılıların dünyaya tanıdılmasının vacib olduğunu qeyd etmiş, hazırlanmış ensiklopediyanın Şamaxı və şamaxılılar haqqında mühüm və etibarlı mənbə olacağını vurğulamışdır. Milllət vəkili yaxın aylarda "Şamaxı ensiklopediyası”nın nəşr variantının da işıq üzü görəcəyini bildirmişdir.