Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir.
07 may 2015-ci il tarixdə Şamaxıda Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 70 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev veteranları salamlayaraq onları Böyük Qələbənin 70 illiyi münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır. İcra başçısı bu rəşadətli insanların sayəsində faşizm üzərində möhtəşəm qələbənin əldə edildiyini vurğulamış, onların müharibədən sonra ölkəmizin quruculuq işlərində fəal iştirak etdiklərini və hazırda gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirmiş və xatırlatdımışdır ki, bu müharibədə iştirak edən 640 mindən çox həmyerlimizdən 300 minə yaxını döyüşlərdə həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şərəf” ordeni, 170 mindən çox soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Natiq çıxışı zamanı bugünkü firavan həyatımıza görə bu qəhrəman insanlara borclu olduğumuzu bir daha vurğulamışdır.
Asif Ağayev həmçinin diqqətə çatdırmışdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsası qoyulduğu kimi, müharibə veteranlarına bəslənən ögey münasibət də birdəfəlik aradan qaldırılmış, veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olunmuşlar. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin bu qrupdan olan insanlara davamlı qayğısından da ətraflı danışmışdır. Sonra təntənəli alqışların müşayiəti ilə icra başçısı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş rayon veteranlarına “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medallarını təqdim etmişdir.
Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nasir Qurbanov çıxış edərək veteranlara göstərilən dövlət qayğısından, onların ölkənin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etməsindən, zəngin təcrübələrini gənclərlə bölüşməkdən əsirgəmədiklərindən danışmış, Qələbə bayramı münasibətilə onları təbrik etmişdir.
Görüşdə çıxış edən rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov və Böyük Vətən müharibəsinin iştirakçıları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyük razılıqla danışmış, bu diqqət və qayğıya görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkürlərini və rayon rəhbərliyinə də öz razılıqlarını ifadə etmişlər.
Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etmişdir.