Rayonda növbəti qanvermə aksiyası keçirilmişdir
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində mayın 7-də rayon Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir.
Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 250 nəfərdən çox rayon sakini müraciət etmiş, 100 nəfərdən qan götürülmüşdür.
Humanitar aksiyada iştirak edənlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səhiyyəmizin inkişafı üçün göstərdiyi diqqət və qayğısından danışmış, ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş dahi rəhbərin parlaq xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını vurğulamışlar.
Aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndəriləcəkdir.