Rayonun Saqiyan kəndinə təbii qaz verilmişdir
02 may 2015-ci il tarixdə rayonun Saqiyan kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Mikayıl İsmayılov və Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə və təkşilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Şamaxı rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, infrastrukturun inkişaf etdirildiyini, sosial-iqtisadi problemlərin sürətlə həll edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında Saqiyan kəndinin qazlaşdırılması üçün işlərin sürətlə görüldüyünü bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, bu gün Azərbaycanın hər yerində, eləcə də Şamaxı rayonunda yaşayan əhali Ulu öndər Heydər Əliyevin siyasətinin bəhrələrini görür. Məhz bu gün Saqiyan kəndində qaz xəttinin açılışı bir daha onu göstərir ki, Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Asif Ağayev bildirmişdir ki, son illər rayonun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə aparılır. 2015-ci ilin əvvəllərindən də rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən müddət ərzində rayonun Dağ Bağırlı və Yenikənd kəndlərinə təbii qaz verilmiş, Nüydi kəndinin və şəhərin 48A yeni yaşayış massivinin qazlaşdırılması başa çatmaq üzrədir. Bundan əlavə rayonun Avaxıl və Mərzəndiyə kəndlərində qazlaşma işləri davam etdirilir. Saqiyan kəndi rayonun təbii qazdan istifadə edən 37-ci yaşayış məntəqəsidir. Hazırda rayonda olan təsərrüfatların 87 faizi təbii qazla təmin olunmuşdur.
İcra başçısı çıxışı zamanı həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə, tədbir iştirakçıları və qonaqlara məlumat vermişdir ki, 154 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 km-dən çox müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 154 fərdi yaşayış evinə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Rəmzi məşəli alovlandıran Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Saqiyan kəndinin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Tədbirdə kənd sakinləri Qalib Əliyev, Mirvari Hacıyeva və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, şamaxılıların Ümummilli lider Heydər Əliyevin ideyalarına daima sadiq olduqlarını, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə etmişlər.
Tədbirdən sonra Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Şahin Qasımovun evinə gedərək təbii qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişlər.