Rumıniya Respublikasının Azərbaycandakı Səfiri Şamaxı rayonuna səfər etmişdir
Mayın 1-də Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Şamaxı rayonuna səfər etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rumıniyalı səfiri qəbul etmiş, qonağa rayonun tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı və rayonda aparılan tikinti-quruculuq işləri barədə ətraflı məlumat vermişdir. İcra başçısı bildirmişdir ki, rayonun ərazisi 1667,1 kvadrat kilometr, əhalisinin sayı 100006 nəfərdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşərək Şamaxı rayonunda məskunlaşmış məcburi köçkünlərin sayı isə 1067 nəfər təşkil edir.
Rayonun tarixi-memarlıq abidələri, xüsusilə Şamaxı Cümə məscidi barədə danışan Asif Ağayev qeyd etmişdir ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa olunmuşdur. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən Azərbaycanın hər yerində, o cümlədən, Şamaxıda törədilən mart soyqırımı zamanı ən böyük qırğınlardan biri Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. XX əsrin əvvəlində baş vermiş zəlzələ və bu qırğınlar zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir.
İcra başçısı həmçinin bildirmişdir ki, rayonda 1 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 72 orta təhsil və 21 məktəbəqədər tərbiyə müəssisəsi, 1 İncəsənət Təhsili Mərkəzi, 53 səhiyyə müəssisəsi, 43 kitabxana, 3 muzey, 9 mədəniyyət evi, 4 park və bağ fəaliyyət göstərir.
Asif Ağayev qonağa rayon ərazisində aparılan abadlıq işləri barədə də məlumat vermiş, rayonda hərtərəfli abadlıq-quruculuq, təmir-bərpa işlərinin getdiyini, bütün küçə, xiyaban və parkların dövlət tərəfindən əsaslı təmir olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ildən-ilə artmaqda davam edir. Hazırda Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
Rumıniyalı səfir Daniel Kristian Çiobanu səmimi görüşə görə minnətdarlığını bildirmiş, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışmış və Rumıniyanın Azərbaycanla regional səviyyədə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Səfir daha sonra Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında olmuş, filialın pedaqoji kollektivi və tələbələrilə görüşmüşdür. Görüşdə “Azərbaycan-NATO münasibətləri” mövzusunda məruzə ilə çıxış edən səfir NATO-nun yaranma tarixindən bəhs edərək xatırlatmışdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1994-cü ildə NATO-nun Sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini, 1997-ci ildə isə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalamışdır. Səfir qeyd etmişdir ki, Azərbaycan sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin etmək məqsədi daşıyan, müstəqil dövlətlərin alyansı olan NATO ilə əlaqələrini bu gün də uğurla davam etdirir. O, xüsusi vurğulamışdır ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. "Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Rumıniya Azərbaycanın NATO İlə münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır" – deyən rumıniyalı səfir ölkəsinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi gördüyü işlərdən də danışmışdır.