Şamaxı rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Aprelin 28-də Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Mərkəzi Rayon Xəstəxanasında görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tibb işçiləri və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların iştirak etdiyi tədbirdə yaddaşlarda böyük alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmışdır.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova açaraq bu günlər respublikanın hər yerində olduğu kimi, Şamaxıda da görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır. Qeyd etmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı və zəngin həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. İşıqlı bir həyat yaşayan Zərifə xanım Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüş, Ulu öndər Heydər Əliyevin sadiq dostu və məsləkdaşı olmuşdur. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanım Əliyevanın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Rayon Məhkəməsinin sədri Təranə Hüseynova, Rayon Qeydiyyat şöbəsinin rəisi Səidə Novruzova və Mərkəzi Rayon Xəstəxanasının həkimi, oftalmoloq Gülnarə Xanlarova qeyd etmişdir ki, XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə xanım Əliyeva peşəkar həkim, fəal ictimai xadim olmuşdur. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elmi tarixinə parlaq səhifələr kimi yazılmışdır. Alimin oftalmologiyanın müasir problemlərinə dair bir çox elmi tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostokanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə dönə-dönə vurğulanmışdır ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, zəngin və mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.