Milli Qurtuluş günü Şamaxı rayonunda da geniş qeyd olunmuşdur
15 iyun 1993-cü il Azərbaycan tarixinə şərəfli və unudulmaz bir gün kimi daxil olmuşdur. Həmin gün xalqımızın ulu öndəri Heydər Əliyevin hakimiyyətə qaydışı ilə ən böyük tarixi nailiyyətimiz olan müstəqqilliyimiz məhv olmaqdan xilas edildi, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün sonsuz fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanın uzun illər ərzində həsrətində olduğu istiqlal arzusunun həqiqətə çevrilməsi, ötən iyirmi ildə əldə olunan möhtəşəm qələbələrin əsasının qoyulması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qurtuluşdan başlanan davamlı inkişaf hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Qurtuluş Gününün on doqquzunci ildönümü respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da geniş qeyd olunmuşdur. Həmin günü rayonun bütün idarə və müəssisələrinin kollektivləri, kənd və qəsəbələrin sakinləri , təhsil ocaqlarının şagird və tələbələri Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə tər gül və çiçəklər qoymuşlar. Sonra rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində olmuşlar. Onlar mərkəzdə dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlara, o cümlədən Şamaxı rayonuna tarixi səfərlərini əbədiləşdirən fotoşəkillərə tamaşa etmişlər.
Ümumuyyətlə, 15 İyun Qurtuluş günü rayonun hər bir guşəsində qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu, onun yüksək amallarını layiqincə yaşadan və davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən geniş söhbət açılmışdır.
Həmin günün axşamı isə Heydər Əliyev parkında Milli Qurtuluş Gününə həsr olunmuş maraqlı konsert təşkil edilmişdir. Rayonun incəsənət ustalarının hazırladıqları bu proqram tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.