Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konserti keçirilmişdir

21 aprel 2015 | 15:00

21 aprel 2015-ci il tarixdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konserti keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışmış, nəsillərə örnək olan zəngin dövlətçilik irsindən söhbət açmışdır. Həmçinin yaradılmış şəraitə görə Dövlət Mahnı Teatrının rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonra çıxış edən Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin direktoru Gülnarə Səfərova Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, idmana və eləcə də gələcəyimiz olan yaradıcı uşaqlara diqqət və qayğısından danışmışdır.
Daha sonra Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təqdim etmişlər.
Konserti mərkəzin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli rəqslər, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilmişdir.
Çıxış zamanı mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, həmçinin mərkəzin “Nağaraçalanlar ansamblı” iştirak etmişlər.
Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək bütün iştirakçılara uğurlar arzulamış, konsertdə iştirak edən şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulamışdır.

Keçidlər