Şamaxı rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
16 aprel 2015-ci il tarixdə Şamaxı rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Şamaxı rayonu üzrə Maliyyə idarəsinin rəisi Seyran Alcanov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova, Ağsu Regional Qaz İstismar İdarəsinin Şamaxı xidmət sahəsi üzrə rəis müavini Ülvi Məmmədov, Şamaxı 9 saylı Yol İstismar idarəsinin rəisi Ədalət Ömərov və Şamaxı Elektrik Şəbəkəsinin baş mühəndisi Rəşad Gərayev məruzə ətrafında müzakirələrdə iştirak etmişlər. Ümumilikdə 2015-ci ilin birinci rübünün yekunları rayonumuz üçün müsbət qiymətləndirilmişdir.
Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, ölkədə cari ilin 3 ayı ərzində ümümi daxili məhsul 5 faizdən çox, qeyri neft sektoru isə 7 faiz artmışdır. İnfilyasiya cəmi 2,8 faiz olmuş, əhalinin pul gəlirləri təxminən 5,3 faiz artmış, kənd təsərrüfatında 3 faizdən çox artım olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar cari ilin 3 ayı ərzində ölkəmizdə 30 min yeni iş yeri açılmışdır ki, onun 25 mini daimidir. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədə - 5 faiz səviyyəsindədir. Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə həyata keçirilir. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi davam etdirilir. Ölkəmizdə aparılan islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir və ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır.
Natiq xüsusilə qeyd etmişdir ki, bu il ölkəmizin həyatında çox xüsusi idman, eləcə də icitmai-siyasi bir hadisə olacaq, ilk Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Oyunlarının ölkəmizdə keçirilməsi ilk növbədə tarixi idman hadisəsi olmaqla, ölkəmiz üçün tamamilə yeni bir səhifə açır. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atacaq və Avropa Oyunları ölkəmizə daha böyük siyasi və iqtisadi dividentlər gətirəcəkdir. İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə etibarlılığı daha da artacaq, investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcəkdir. Hazırda ölkəmizin hər yerində olduğu kimi Şamaxıda da Avropa Oyunları ilə əlaqədar təşkilati işlər görülür, çox ciddi hazırlıqlar gedir.
İcra başçısı həmçinin qeyd etmişdir ki, 2015-ci ilin birinci rübü Şamaxı rayonu üçün də uğurlu olmuş, qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin üç ayında rayonda 34,2 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon manatdan və yaxud 4,8 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 1,5 milyon manat olmuşdur. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Həmçinin üç ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,6 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 7,1 milyon manat təşkil etmişdir. Ötən üç ayda pərakəndə əmtəə dövriyyəsi 57,6 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,3 milyon manat olmuşdur. 2015-ci ilin üç ayında rayon üzrə 374 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 11486 iş yeri yaradılmışdır ki, bunun da 8815-i daimi iş yeridir.
Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə 7,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu gün Şamaxının keçən əsrin 70-80-ci illərində olduğu kimi Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilməsi istiqamətində mühüm işlər görülür, bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Rayonda fəaliyyət göstərən fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq təsərrüfatların ümumi sahəsi 1627,5 hektara çatdırılmışdır.
Cari ilin üç ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Şəhərin N.Nərimanov küçəsində yenidənqurma və abadlıq işlərinə start verilmişdir. Küçədə yeni layihəyə uyğun olaraq xüsusi materiallarla barıların üzlənməsi, küçə boyu yeni yaşıllıqların salınması, piyadalar üçün səkilərin üzlənməsi, müəyyən yerlərdə xüsusi işlənmiş layihəyə uyğun yeni barıların tikintisi və digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Rayonun Mədrəsə qəsəbəsində 380 şagird yerlik və Şərədil kəndində 80 şagird yerlik tam orta məktəbin binalarında, 5 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış və regional qeydiyyat şöbəsi üçün inzibati binaların inşası davam etdirilmişdir. Bundan əlavə S.Ə.Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik körpələr evi-uşaq bağçasının layihə sənədləri hazırlanmışdır. 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün rayon İcra Hakimiyyəti tərəfindən tender elan edilmişdir. Binanın tikintisi bu il nəzərdə tutulmuşdur. Rayonun Talışnuru və Hacıqədirli kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta sənədləri hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektlərinin tikintisi davam etdirilir.
2015-ci ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. İməciliklər zamanı Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 3 min ədəddən çox ağac və gül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir. Həmçinin yaz mövsümünün başlanması ilə əlaqədar magisral yolun, eləcə də şəhərin müxtəlif yerlərində geniş yaşıllaşdırma işlərinin aparılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2015-ci ilin birinci rübündə rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən üç ay ərzində rayonun Dağ Bağırlı və Yenikənd kəndlərinə təbii qaz verilmiş, Nüydi, Saqiyan kəndlərinin və şəhərin 48a yeni yaşayış massivinin qazlaşdırılması başa çatmaq üzrədir. Bundan əlavə rayonun Avaxıl və Mərzəndiyə kəndlərində qazlaşma işləri davam etdirilir. Hazırda rayonun 36 yaşayış məntəqəsində 16987 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 84,6 faizini təşkil edir.
Şamaxı şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin 02a, 01b və 10a saylı yaşayış massivlərinin layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtda həmin küçələrə təbii qaz xəttlərinin çəkilişi nəzərdə tutulmuşdur.
2015-ci ilin üç ayı ərzində rayonda “Azərişıq” və Şamaxı Elektrik Şəbəkəsi tərəfindən müxtəlif güclü transfarmator yarımstansiyalarında 3 km elektrik hava xətləri SİP kabellə, 10 kv-luq elektrik hava xətlərindəki 147 ədəd istismara yararsız dayaq və 22 km naqil yenisi ilə əvəz edilmişdir. Bundan əlavə 04 kv-luq elektrik verilişi xətlərində 30 ədəd istismara yararsız dayaq, 2,2 km naqil yenisi ilə əvəz olunmuş, 2 ədəd yanmış transformator təmir olunaraq öz yerlərində quraşdırılmış və 55 ədəd 10/0,4 kv-luq transformator məntəqəsi təmir olunmuşdur.
Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. Rüb ərzində şəhərdaxili şəbəkə xətlərində 16000 p/m-ə yaxın müxtəlif diametrli su xətlərində təmir işləri aparılmışdır. Daxili kanalizasiya xətlərində 70 ədəd baxış quyusu təmizlənmiş, 4073 p/m müxtəlif diametrli kanalizasiya xətlərində təmir işləri aparılmışdır. Bundan əlavə rayonun Sabir qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni elektrik motoru quraşdırılaraq 60 abonentin su təminatı artmışdır. Nanəli su xəttində təmir işləri aparılaraq stansiyada yeni nasos və elektrik motoru quraşdırılmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 1,4 km kanalizasiya 3,2 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 112,4 kilometr kanalizasiya və 123,3 kilometr su xətti çəkilmişdir.
2015-ci ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitlik davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.
21 fevral 2015-ci il tarixdə manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar ölkə ərazisində bəzi ərzaq məhsullarının satış qiymətlərinin süni sürətdə artırılmasına yol verildiyi müşahidə olunmuşdur. Rayon ərazisində baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə komissiya yaradılmış və qiymətlərin süni sürətdə qaldırılması daim komissiya tərəfindən nəzarətdə saxlanmışdır.
2015-ci ilin birinci rübü ərzində rayonda böyük səbəkəyə malik olan təhsil, səhiyyə və mədəniyyət sahələrində də həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox işlər görülmüşdür. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların müxtəlif təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb olunması təmin olunmuş, 82 nəfər pedaqoji kadr bu kursları müvəfəqiyyətlə başa vurmuşdur. Təhsil Nazirliyi və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Mərkəzinin birgə layihəsi çərçivəsində ənənəvi VII rus dili və ədəbiyyatı fənn olimpiadası keçirilmişdir. Ağsu, Qobustan, Kürdəmir, Zərdab, Ucar və Göyçay rayonlarından gələn şagirdlər M.Y.Lermontovun yaradıcılığına həsr olunmuş şeir müsabiqəsində iştirak etmişlər.
Ölkə rəhbərinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində şagirdlərimiz “Ölkəmizi tanıyaq” devizi altında qədim Naxçıvanın tarixi abidələr və turizm mərkəzlərinə ekskursiyalar etmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması regionlarda, eləcə də Şamaxı təhsil işçilərində böyük ruh yüksəyliyi yaratmışdır. Gözlənilən diaqnostik qiymətləndirmə müəllimlərin öz üzərlərində çalışmaları üçün güclü stimula çevrilmişdir.
2015-ci ilin birinci rübündə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Şamaxı Diaqnostika Mərkəzində aparılan uğurlu əməliyyatlar, Mərkəzi Rayon Xəstəxanası tərəfindən təşkil olunan səyyar həkim briqadalarının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonumuzda da bir çox işlər görülmüş, əhalinin kütləvi şəkildə müayinədən keçirilməsinə başlanılmışdır. Hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu günə kimi rayon əhalisinin 54680 nəfəri müayinələrə cəlb olunmuşdur. Təbii ki, əhaliyə göstərilən tibbi xidmət sahəsində mövcud olan problemlər də az deyil. Belə ki, ayrı-ayrı sahələr üzrə xəstəliklərin sayının artması, kənd və qəsəbələrdə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının aşağı səviyyədə olması, həkim kardlara olan ehtiyacın ildən ilə artması bunu bir daha təsdiq edir.
2015-ci ilin ilk 3 ayında rayon Mədəniyyət və Turizm şöbəsində də xeyli işlər görülmüşdür. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi keçirilən V televiziya muğam müsabiqəsinin ilə birinci turunun Şirvan bölgəsi üzrə seçimi yanvar ayının 12-də Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilmişdir. Hal-hazırda rayonumuzun təmsilçiləri bu müsabiqədə uğurla çıxış edirlər.
20 yanvar faciəsinin 25-ci, Xocalı Soyqırımının 23-cü ildönümləri ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində foto və kitab sərgiləri, tamaşalar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
12 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və bir qrup gənc muğam ifaçısının iştirakı ilə rayon Mədəniyyət sarayında təntənəli konsert keçirilmişdir.
2015-ci ilin mart ayının 19-da İçəri şəhərdə Dənizkənarı Milli Parkda Azərbaycanın qeyri-maddi mədəni irsinin parlaq nümunəsi olan Novruz şənliyində “Şirvan Milli Alətləri” ansamblı, xalq sənətkarları, kulinarlar, mətbəx ustaları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, qeyri-maddi mədəni irsimizin təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən 2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət tövhələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi qərara alınıb. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmişdir. Bu münasibətlə martın 4-də Azərbaycan Xalça muzeyində 2015-ci il Şamaxı şəhərinin “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunması ilə əlaqədar təqdimat mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Şamaxı rayonuna kubok təqdim olunmuşdur.
2015-ci ilin birinci rübü ərzində Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən gənclər sahəsi üzrə çoxsaylı tədbirlər keçirilmiş və keçirilən tədbirlərdə 1274 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
Ötən müddət ərzində Bakı şəhərində keçirilən ağır atletika idman növü üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyində idmançımız Şərifov Elşad Niyaz oğlu bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülmüşdür.
13-15 mart 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən poverliftinq və Benc-Press idman növü üzrə kişilər arasında Azərbaycan çempionatında Səmədzadə Fərid Mehman oğlu və Eynalov Elvin Ərəstun oğlu öz çəki dərəcələrində çempion adına layiq görülmüşlər.
2015-ci ilin birinci rübü ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 246 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 ədəd azdır. Müraciətlərdən 69-u Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 3-ü Milli Məclisdən, 3-ü Nazirlər Kabinetindən, 40-ı respublikanın digər qurumlarından, 131-i isə vətəndaşlardan bilavasitə rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Xüsusilə müntəzəm olaraq əhalinin müxtəlif təbəqələri, eləcə də kənd və qəsəbə sakinləri ilə görüşlərimiz, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Ötən müddət ərzində rayonun 10 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rayon İcra Hakimiyyətinin başçısı ilə keçirilmiş görüş-qəbullarda 875 nəfərdən artıq əhali iştirak etmişdir. Həmin görüşlərdən sonra əhalinin müraciətləri nəzərə alınaraq müəyyən işlər görülmüşdür. Belə ki, birinci rübdə havaların əlverişsiz olmasına baxmayaraq rayonun Şəhriyar və Sabir qəsəbəsində, Mərzəndiyə, Məlikçobanlı və Çıraqlı kəndlərinin 10 kv-luq elektrik hava xətlərində, 35 kv-luq Meysəri və Çarhan elektrik hava xətlərində təmir işləri aparılmışdır. Rüb ərzində kəndlərdə elektrik verilişinin fasiləsiz verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən monitoriqlər aparılaraq müntəzəm olaraq nəzarətdə saxlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxışının sonunda qeyd etmişdir ki, aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.