Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır

31 mart 2015 | 15:00

Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsinin önünə gələrək tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qanlı hadisələrdən danışmış, hadisə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
İcra başçısı çıxışı zamanı bildirmişdir ki, ermənilər zaman-zaman azərbaycanlılara qarşı tarixdə analoqu olmayan dəhşətli soyqırımlar törətmişlər. İki əsrdən çox davam edən bu etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlərlə soydaşımız yurdundan didərgin düşmüş və qəddarlıqla öldürülmüşdür.
Ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyası genişdir. Təkcə belə bir faktı yada salmaq lazımdır ki, 1918-ci ilin mart və aprel aylarında Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Muğanda və digər bölgələrimizdə 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, evləri talan edilərək yurd-yuvasından didərgin salınmışdır. Bu baxımdan Şamaxıda törədilmiş soyqırım hadisəsi xüsusi yada salınmalıdır.
Azərbaycan Xalq Cumhuiyyəti dövründə təşkil olunmuş komissiyanın apardığı istintaq materialları bunu bir daha təsdiq etmişdir. Həmin komissiyanın müəyyənləşdirdiyi faktlara əsasən Şamaxı qəzasının 58 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Həmin dövrdə təkcə Şamaxı şəhərində 7 mindən çox dinc əhali qətlə yetirilmişdir. Ermənilər tərəfindən insanlığa yaraşmayan hərəkətlərlə öldürülənlər əsasən Şamaxının sayılıb-seçilən ziyalılarının, ağsaqqallarının və din xadimlərinin olması təsadüfi deyildi. Onlar bilərəkdən Şamaxının 22 nəfər nüfuzlu sakininin, o cümlədən məşhur Axund Səfərqulunun, şəhər hakimi Teymurbəy Xudaverdiyevin, Dövlət Dumasının deputatı Məmməd Əliyevin və digərlərinin qətllərinə rəvac verməklə əslində əhali arasında vahimə yaratmağa, birinci növbədə baş bilənləri aradan götürməyə nail olmuşlar.
1918-ci ilin mart-aprel ayları zamanı insan itgisi ilə yanaşı Şamaxı qəzasına ciddi maddi ziyan da dəymişdir. Bu soyqırımı zamanı Şamaxı qəzasına 339,5 milyon, Şamaxı şəhərinin özünə 1 milyon manatlıq ziyan vurulmuşdur.  Şəhərdə 13 məscid, o cümlədən Cümə məscidi yandırılmışdır. Tarixi məlumatlara görə ən böyük qırğın da məhz günahsız insanların pənah gətirdiyi Cümə məscidində baş vermişdir. Bu məsciddə təxminən 1500 nəfər insan diri-diri yandırılmışdır. Həmçinin həmin soyqırım nəticəsində rayonun Əngəxaran kəndində 237 nəfər, Bağırlı kəndində 370 nəfər, Quşçu kəndində 192 nəfər insan xüsusi amansızlıqlarla qətlə yetirilmişdir. Şamaxıda günahsız öldürülənlərin əsas cəlladları 31 nəfər erməni, o cümlədən Stepan Lalayan, Qavri Karoğlanyan, Mixail Arzumanov, Karapet Karamanov və başqaları olmuşlar.
Məlum olduğu kimi, keçən əsrin axırlarında tarix bir daha təkrarlandı. Yaranmış fürsətdən dərhal bəhrələnən ermənilər yenidən respublikamızda müxtəlif soyqırımı faciəsi törədərək Azərbaycanın ərazisinin 20 faizini işğal etdi, 1 milyondan çox soydaşımız qaçqın və məcbiri köçkün vəziyyətinə düşdü.     
Ermənilərin xalqımızın başına gətirdiyi bəlalar bilərəkdən beynəlxalq ictimaiyyətdən, hətta özümüzdən belə gizlədilmişdir. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin törətdikləri  soyqırımları olduğu kimi xalqımıza, eləcə də bütün dünyaya çatdırılmışdır. Bu baxımdan Ümummilli liderimizin 1997-ci ildə imzaladığı “1948-53-cü illərdə Azərbaycanın Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” və 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanlarını xatırlamaq yerinə düşər. Məhz sonuncu Fərmana uyğun olaraq hər il 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ermənilər tərəfindən törədilmiş soyqırımların dünyaya olduğu kimi çatdırılması, həmçinin Dağlıq Qarabaq probleminin həll olunması üçün səylərini durmadan davam etdirir. Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatı assambleyasının 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qətnamə qəbul etməsi, 31 mart Azərbaycanın Anım günü kimi qəbul olunması bu səylərin nəticəsidir.
Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır soyqırımı aktları xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Humanitar və xüsusi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov və başqaları çıxış edərək 1918-ci ildə ermənilər tərəfindən törədilmiş bu soyqırımı haqqında ərtaflı danışmış, bu hadisələr zamanı azərbaycanlıların kütləvi şəkildə öldürülməsinin, soyqırıma məruz qalmasının XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunduğunu vurğulamışlar.
Sonda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər