Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvana gedəcək tur-aksiya iştirakçılarının növbəti qrupu Şamaxıdan Bakıya yola salınıb

21 mart 2015 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarındakı  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları  davam edir.
Tur-aksiya çərçivəsində martın 21-də Şamaxı, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ və İsmayıllı  rayonlarından hər biri beş nəfər olmaqla Naxçıvana gedəcək məktəblilərin növbəti qrupu Şamaxıdan Bakıya  yola salınıb. Rayon rəhbərlərinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxının mərkəzindəki Heydər Əliyev parkında keçirilən yolasalma mərasimində məktəblilər ilk öncə müasir Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Yolasalma mərasimində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətini qeyd edib.
Çıxış edənlər Azərbaycan  əraziləri hesabına Ermənistan dövlətinin yaradıldığını, ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarmızın daha 20 faizinin ermənilər tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan qovulduğunu vurğulayıb, həmin ərazilərdəki tarixi abidələrinin, maddi-mədəniyyət nümunələrinin məhv edildiyini və yaxud ermənilər tərəfindən “özününküləşdirməyə” cəhd göstərildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, belə bir vəziyyətdə bu gün parta arxasında əyləşən  məktəblilərin  ölkəmizin  tarixini, ədəbiyyatını, mədəniyyətini dərindən bilmələri çox vacibdir.
Məktəblilər ölkəmizin bir parçası olan Naxçıvana ekskursiyadan, tur-aksiya proqramı çərçivəsində  dörd  gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonları ilə, bu yerlərin tarixi, maddi-mədəniyyət nümunələri ilə tanış olacaqlarından məmnunluqlarını ifadə ediblər. Şagirdlər bu imkanı onlara verdiyi üçün tur-aksiyaların təşəbbüsçüsü Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Saat 10:30-da məktəblilər və onları müşayiət edənlər şən musiqi sədaları altında Bakıya yola düşüblər.

Keçidlər