Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı və daha 7 rayondan olan məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola salınıb

17 mart 2015 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalarının növbəti mərhələsinə start verilib.
Tur-aksiya çərçivəsində martın 17-də Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarının hər birindən 5 nəfər olmaqla məktəblilərin ilk qrupu Naxçıvana yola salınıb. Şamaxı şəhərindəki Heydər Əliyev parkında keçirilən yolasalma rayon rəhbərlərinin, təhsil işçilərinin, valideynlərin iştirakı ilə təntənəli mərasimlə qeyd olunub.
Tur-aksiya iştirakçıları ilk öncə parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, hekəlin önünə çiçəklər qoyublar.
Yolasalma mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində xususi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirib ki, 4 gün ərzində şagirdlər Azərbaycanın bir parçası olan Naxçıvan barədə, onun tarixi, bu günü, inkişafı haqda zəngin bilgilər alacaqlar. Səfər proqramı çərçivəsində onlar Naxçıvan şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edəcək, Heydər Əliyev muzeyi, Dövlət Xalça Muzeyi, “Xan sarayı” Dövlət tarix-Memarlıq Kompleksi ilə tanış olacaqlar. Məktəblilər, habelə Ordubad şəhərinə, Şahbuz, Kəngərli rayonlarına ekskursiyalara  da gedəcəklər.
Tur-aksiya iştirakçıları olan məktəblilər bu səfərdən razılıqla danışır, məmnun olduqlarını bildiriblər. Şamaxı rayonunun Nağaraxana kənd tam orta məktəbinin XI sinif şagirdi Gövhər Məmmədova qeyd edib ki: “Mən, eləcə də bütün yoldaşlarım bu səfər üçün çox sevinirik. Şəxsən mən Naxçıvanı yalnız ekranlarda görmüşəm. İndi isə bu qədim diyara gedirəm. Muxtar respublikanın dünəni, bu günü barədə zəngin məlumatlar alacağam. Naxçıvan şəhərində Heydər Əliyev muzeyi ilə, Ordubadda M.S.Ordubadinin, Y.Məmmədəliyevin ev muzeyləri ilə, buradakı Yeraltı məbəd və Buzxana tarix-memarlıq abidələri ilə, Şahbuz rayonunda Batabat Dövlət qoruğu ilə və sair birbaşa tanış olacağam. Bizim üçün bu imkanı yaratdığına görə “Ölkəmizi tanıyaq” tur-aksiyanın təşəbbüsçüsü olan Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Mərasimdə Şamaxı Rayon Mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramı məktəblilərdə xoş əhval-ruhiyyə yaratdı. Onlar doyunca rəqs edib əyləndilər.

Keçidlər