Şamaxıda Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri, və ictimaiyyət nümayəndələri tərəfindən Soyqırımı abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhid məzarları önünə tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir Mədəniyyət sarayında davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciə təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayətdir. Əslində tarixdə analoqu olmayan Xocalı qırğını XX əsrin ən dəhşətli hadisələrindən olan Xatın, Xirosima faciələri ilə eyni sırada durur. Məlum olduğu kimi, Qarabağın ən qədim insan məsgənlərindən biri olan Xocalı şəhərində baş vermiş hadisələrə gedən yolun təməli 1988-ci ildə qoyulmuşdur. Keçmiş SSRİ rəhbərlərinin “xeyir-duası” ilə getdikcə miqyasını genişləndirməkdə olan Dağlıq Qarabağ münaqişəsi addım-addım mühüm strateji mövqeyə malik Xocalı şəhərinə sarı yaxınlaşırdı. Bütün xocalılılar, eləcə də xalqımız bunu aydın şəkildə hiss etsə də, o vaxtkı respublika rəhbərləri baş verə biləcək faciələrin fərqində deyildilər.
Nəhayət, gözlənilən fəlakət baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə köməksiz qalmış Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd istiqamətdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmışdır. Az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, köməksiz qalan şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bu əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocalar idilər. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı soyqırımın tanınması istiqamətində yorulmaq bilmədən çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə xalqımıza qarşı törədilən cinayət və edilən ədalətsizliklər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqda davam edir.
Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.
Daha sonra tədbir şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəb şagirdlərinin hazırladığı “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompazisiya ilə davam etmişdir.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı faciəsini əks etdirən “Xocalı Qətliamı” adlı sənədli filmə baxılmışdır.