Şamaxıda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Bü gün Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında “Xocalı faciəsi gənclərin gözü ilə” adlı dəyirmi masa keçirilmişdir.
İlk öncə soyqırımı qurbanlarının ruhu bir dəqiqlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə filialın direktoru Tünzalə Yusifova açaraq bildirmişdir ki, erməni vandalizminin bariz nümunəsi olan Xocalı faciəsi öz dəhşətinə görə digər faciələrdən xüsusilə fərqlənir. XX əsrin ən böyük facəsi sayılan bu hadisə zamanı ermənilər 613 nəfər dinc azərbaycanlını qətlə yetirmişlər.
Sonra Humanitar və xüsusi fənlər kafedrasının müəllimi Zərifə Cavadova, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Sevinc Baxşıyeva, Təbiət və pedaqoji elmlər kafedrasının baş müəllimi Çingiz Dadaşov çıxış edərək bildirmişlər ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Qeyd edilmişdir ki, bu gün də dövlətimiz tərəfindən beynəlxalq aləmdə bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirlir.
Tələbələrdən çıxış edənlər bildirmişlər ki, hazırkı dövrdə bizim əsas məqsədimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzəlandırılmasına nail olmaqdır.
Tədbir “Xoca” filminin nümayiş olunması ilə davam etdirilmişdir.