Şamaxıda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbirləri çərçivəsində Şamaxı Avropa liseyində “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədiri giriş sözü ilə açan liseyin direktor müavini Elbəniz Eyyubova əsrlər boyu erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan tədbir iştirakçılarına geniş məlumat verib. O, qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi bu günə qədər məlum deyildir.
Daha sonra çıxış edən liseyin tarix müəllimi Gülnar Niftalıyeva 1992-ci il 26 fevral tarixində ermənilərin vandalizm hərəkətləri nəticəsində Xocalıda törədilmiş hadisələrdən geniş söhbət açmış və qeyd etmişdir ki, bu dəhşətli faciəyə ilk dəfə ümummilli lider Heydər Əliyev siyasi qiymət vermiş. dünya ictimaiyyətinə çatdırmışdır. Bu hadisədən 23 il ötməsinə baxmayaraq, bu gün də dövlət səviyyəsində faciənin beynəlxalq aləmdə tanınması üçün ciddi iş aparılır ki, Heydər Əliyev Fondunun da bu istiqamətdə apardığı fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Tədbir lisey şagirdlərinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya ilə davam etmişdir.