Şamaxıda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Şamaxı Peşə liseyində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında konfrans iştirakçılarına məlumatlar verilmişdir.
Liseyin direktoru Ramiz Soltanov çıxış edərək 23 il əvvəl Xocalıda baş vermiş soyqırımı aktından ətralı danışmış və qeyd etmişdir ki, Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir. Onların 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış,1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir.
Digər çıxış edənlər də, bildirmişlər ki dünya bu acı həqiqətləri bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.