Şamaxı rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
20 fevral 2015-ci il tarixdə rayonun Mədəniyyət Sarayında 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Əvvəlcə yığıncaq iştirakçıları və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət sarayının foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar. Yığıncaqdan əvvəl rayonun ötənilki sosial-iqtisadi inkişafına həsr olunan videoçarx nümayiş olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Natiq bildirmişdir ki, xüsusi qeyd edilmişdir ki, ötən ilin ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 14-də rayonumuza səfər etməsidir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun inşa olunmuş beşulduzlu “Şamaxı Palace Platinum By Rixos” otelinin açılış mərasimində iştirak etmişdir.
2014-cü ildə rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Ötən il rayonda 138,9 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuş, əsas kapitala yönəldilən investisiyaların həcmi 26,5 milyon, tikinti-quraşdırma işlərinin həcmi 26,1 milyon, sənaye məhsulunun həcmi 5,3 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 173,2 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 40,3 milyon manat olmuşdur. İl ərzində orta aylıq əmək haqqı əvvəlki ilə görə 26,8 manat artaraq 260,9 manat təşkil etmiş, əhalinin pul gəlirləri ilkin hesablamalara görə ötən illə müqayisədə 13,5 milyon manat artaraq 281,8 milyon manata çatmışdır.
2014-cü ildə Şamaxıda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 1800 subyektə çatdırılmış, rayon üzrə 1069 daimi iş yeri açılmışdır. Ümumiikdə 2003-cü ildən indiyə kimi Şamaxı rayonunda 11112 yeni iş yeri yaradılmışdır.
Natiq qeyd etmişdir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti 2015-ci ili “Kənd Təsərrüfatı” ili elan etmişdir. Şamaxı əsasən aqrar rayon olmaqla onun iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Ötən il kənd təsərrüfatı sahəsində 43,7 milyon manatlıq məhsul istehsal olunmuşdur. İl ərzində rayon üzrə 20600 hektar sahədə taxıl əkilsə də, respublikamızın digər bölgələrində olduğu kimi rayonda da hava şəraitinin quraq keçməsi nəticəsində 16763 hektar sahədə taxıl biçini aparılmış və 13 min ton məhsul götürülmüşdür. 2014-cü ildə 18193 hektar sahədə payızlıq taxıl əkini aparılmış, ümumilikdə əkin sahələrinə səpilmiş 3400 ton toxumdan 960 tonu dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına bağışlanmışdır.
Ötən il tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir. Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş Soyqırım abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmyerlilərimizin uyuduğu Şəhidlər Xiyabanının əsaslı təmir və yenidənqurulması işləri başa çatdırılmışdır. Şəhidlər Xiyabanının ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılmış, parkda 5000 m2-ə qədər yaşıllıq zolağı salınmış və 800-ə qədər yeni ağaclar əkilmişdir.
Ötən dövr ərzində Şamaxı şəhərində Qarabağ muharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış və regional qeydiyyat şöbəsi üçün inzibati binaların tikintisinə başlanmışdır. Bundan əlavə rayonun qəsəbə və kəndlərində bu kateqoriyadan olan insanlara dövlət tərəfindən fərdi mənzillərin tikintisi üçün torpaq sahələri ayrılmışdır.
2012-ci ilin mart ayında rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 ədəd yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikintisi növbəti mərhələdə nəzərdə tutulmuşdur.
Rayonun Mədrəsə qəsəbəsi, Qaleybuğurd, Nağaraxana, Mərzəndiyə, Meysəri, Məlhəm və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənmiş kənd ad göstəriciləri inşa edilmişdir.
2014-cü il ərzində rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmiş, rayonun Şərədil kəndinin qazlaşdırılması başa çatdırılaraq 105 abonent təbii qazla təmin olunmuş, Mərzəndiyə, Nüydi, Yenikənd, Dağ Bağırlı və Saqiyan kəndlərinin qazlaşdırılmasına başlanılmışdır. Hazırda bu işlər ardıcıl olaraq davam etdirilir. Hazırda rayonun 34 yaşayış məntəqəsi üzrə 16485 abonent təbii qazla təmin olunur ki, bu da Şamaxı rayonunda olan 20067 təsərrüfatın 82,1 faizini təşkil edir.
Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Rayon ərazisində 10/0,4 kv-luq elektrik verilişləri xətlərində istismar müddəti keçərək yararsız vəziyyətə düşmüş 358 ədəd ağac dayaq, 17,6 km 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabellə əvəz olunmuşdur. Həmçinin yanmış 145 ədəd 10/04 kv-luq transfarmator Sumqayıt TTŞ-də təmir olunaraq öz yerində quraşdırılmışdır.
Ötən il ərzində şəhərin küçələrinə 39,8 km kanalizasiya 48.3 km isə su xətləri çəkilmişdir. İndiyədək ümumilikdə şəhərin müxtəlif küçələrində 111,9 kilometr kanalizasiya və 122,7 kilometr su xətti çəkilmişdir.
Ötən il hava şəraitinin quraqlıq keçməsi nəticəsində şəhər əhalisinin içməli su ilə təminatında ciddi problemlər yaranmışdır. Problemlərin aradan qaldırmaq məqsədilə Göyzəmi adlanan ərazidə yerləşən 16 köhnə su quyusu təmir edilərək 219 mm-lik boru ilə 2800 p\m çay vadisi ilə çəkilərək mərkəzi nasosxanaya birləşdirilmlşdir.
Rayonda təhsil, mədəniyyət və səhiyyə böyük şəbəkəyə malik sahələrdir. Ötən müddət ərzində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. Təbii ki, bütün bunlar öz nəticəsini əldə olunmuş göstəricilərdə də göstərir.
Ötən ilki qəbul imtahanları zamanı məzunlarımızdan 191 nəfərdən çoxunun respublikamızın müxtəlif ali məktəblərinə daxil olması, 8 nəfərinin 600-dən yuxarı, 20 nəfərinin 500-dən çox bal toplaması özlüyündə çox müsbət göstərici kimi qiymətləndirilməlidir.
Hesabat ilində mədəni həyatı nisbətən zəngin olmuşdur. Əsasən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mühüm tarixi hadisələr və bayramlar əhatə və təsir dairəsinə görə fərqlənmişdir.
Hesabat ili ərzində rayon əhalisinə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon mərkəzi xəstəxanasının həkimlərindən ibarət səyyar həkim briqadaları yaradılaraq il ərzində həftədə bir dəfə olmaqla rayonun qəsəbə və kəndlərində əhaliyə tibbi xidmətlər göstərmişlər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ilin fevral-may ayları ərzində rayon əhalisinin kütləvi dispanser müayinəsi həyata keçirilmişdir. Müayinəyə 60459 nəfər əhali cəlb edilmişdir. 2015-ci ildə də əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bundan əlavə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq oktyabr və noyabr ayları ərzində 16955 nəfər uşaq dispanser müayinəsinə cəlb olunmuşdur.
2014-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi xəstəxanada və Diaqnostika mərkəzində təşkil olunan qanvermə aksiyasında 720 nəfərdən çox insan iştirak etmiş və 309 nəfərdən qan götürülmüşdür.
Yola saldığımız 2014-cü il ümumilikdə rayonumuzda gənclər və idman sahəsində də əlamətdar bir il kimi yadda qalmışdır. Şamaxı rayon gənclər və idman idarəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tələblərini rəhbər tutaraq 2014-cü il üçün geniş tədbirlər planı hazırlamış, istər gənclər, istərsə də bədən tərbiyəsi və idman sahələrində bir çox işlər görmüşdür.
Ötən il ərzində müxtəlif idman növləri üzrə keçirilən respublika və beynəlxalq yarışlarda da rayon idmançılarımız yaxından iştirak etmiş və yüksək nəticələr əldə etmişlər . Belə ki, rayon gənglərindən 5 nəfəri I-ci yerə, 6 nəfəri II-ci yerə 7 nəfəri isə III-cü yerə layiq görülmüşlər.
2014-cü il ərzində rayonda ideoloji işin təşkili və ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə yaradılmış təbliğat qruplarının yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.
Hesabat ilinin aprel ayından etibarən mərkəzdə yeni ailə quran gənclərin nigah mərasimləri təntənəli surətdə qeyd edilmişdir. Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər tədris olunmuşdur. 2015-ci ildə də həmin dərslərin tədrisi davam etdirilməkdədir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları rayonda ictimai sabitliyin qorunması, cinayətkarlığın qarşısının alınması və baş vermiş cinayət hadisələrinin açılmasının təmin olunması istiqamətində zəruri profilaktiki və əməliyyat tədbirləri həyata keçirmişlər.
2014-cü ildə həqiqi hərbi xidmətə çağırışla bağlı respublika Prezidentinin məlum fərmanlarının tələblərinə uyğun olaraq rayonumuzdan 387 nəfər çağırışçı həqiqi hərbi xidmətə yola salınmışdır.
Şamaxı Rayon İcra Hakimiyyətində keçən il “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” uyğun olaraq 24 şura iclası keçirilmiş, həmin iclaslarda rayonun sosial-iqtisadi, mədəni həyatı ilə bağlı 49 məsələ müzakirə olunmuşdur.
Vətəndaşların müxtəlif ünvanalra etdikləri müraciətlərin 2013-cü illə müqayisədə azalmasına müntəzəm olaraq əhalinin müxtəlif təbəqələri, eləcə də kənd və qəsəbə sakinləri ilə keçirdiklərimiz görüşlər, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi xüsusilə müsbət təsir etmiş və əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxışının sonunda qeyd etmişdir ki, 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.
Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Rəşad Gərayev, Şamaxı Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Nadir Qədirov, rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, RİH başçısının Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Soltan Osmanov və rayon sahibkarı Hacıbaba Şıxıyev məruzə ilə çıxış etmiş, ötənilki fəaliyyətlərindən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra çıxış edən rayon ağsaqqalı Ağarza Bayramov şəhərdə bir neçə yeni uşaq bağçasının tikilməsi, şəhər sakini Nəsimi Abdullayev şəhərin yeni yaşayış massivlərində yolların asfaltlaşması, gənc müəllim Vasif Şıxıyev rayon gəncləri üçün Gənclər evinin tikilməsi təkliflərini irəl sürmüşlər.
Ümumilikdə 2014-cü ilin yekunları rayonumuz üçün də müsbət qiymətləndirilmişdir.
Yekunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.