Şamaxı rayonunda sahibkarlara güzəştli kreditlər verilmişdir
Məlum olduğu kimi, bu gün respublika iqtisadiyyatının özəl sektoru sürətlə inkişaf edir. Təbii ki, bu sahibkarlara dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının layiqli bəhrəsidir. Bu baxımdan Sahibkarlığa Kömək Milli Fondunun bu sahəyə göstərdiyi dəstəyi xüsusi olaraq qeyd etmək lazımdır. Razılıq hissi ilə bildirməliyik ki, bu gün ölkəmizdə yarıdılan yeni müəssisələrin, yeni iş yerlərinin böyük hissəsi həmin fond tərəfindən verilən kreditlər hesabına mümkün olmuşdur.
Avqustun 10-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxı rayonun Sabir qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Videoçarxın nümayişindən sonra Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov tədbiri açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sahibkarlara göstərilən daimi qayğıdan və bunun nəticəsi olaraq ölkəmizdə, eləcə də rayonumuzda əldə olunan uğurlardan ətraflı danışmışdır. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, İqtisadi İnkişaf Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxış edərək bu sahənin inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi tədbirləri, həmçinin məqsədli Dövlət Proqramlarında Dağlıq Şirvan iqtisadi rayonunda nəzərdə tutulan tədbirlərin icrası haqqında məlumat vermişlər.
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək sahibkarlar tərəfindən fondun kreditləri hesabına görülmüş uğurlu işlərdən, habelə Dağlıq Şirvan iqtisadi rayonunda, o cümlədən Şamaxı rayonunda həyata keçiriləcək layihələr və güzəştli kredit vəsaitlərinin yerləşdirilməsində proqnozlaşdırılan əsas hədəflər bərədə geniş söhbət açmışdır.
Tədbirin sonunda Sahibkarlara Kömək Milli Fondu tərəfindən 52 nəfər sahibkara, o cümlədən 27 şamaxılı iş adamına 2 milyon 545 min manat güzəştli kredit təqdim olunmuşdur.