Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Meysəri kəndində səyyar qəbul-görüş keçirilmişdir

17 fevral 2015 | 16:00

17 fevral 2015-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Meysəri kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra Meysəri kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də uğurla davam etdirilməsinə görə, kənddə işsizliyin aradan qaldırılması istiqamətində aparılmış işlər arasında xüsusi yeri olan üzümçülük təsərrüfatlarının yaradılmasına köməklik göstərildiyinə görə, kəndin fasiləsiz olaraq təbii qazla, elektrik enerjisi ilə təminatına, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Həmçinin kənd sakinlərindən Ayşən Hüseynova kənd məktəbində sinif otaqları az olduğu üçün yeni məktəb binasının tikintisini, İmran Ələkbərov fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpağın sahəsinin ayrılmasını, Çimnaz Qasımova isə kəndin su probleminin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Meysəri kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

 

Keçidlər