Şagirdlər ulu öndər Heydər Əliyevin irsini həvəslə öyrənirlər.
Ümummilli liderin zəngin irsinin öyrənilməsi məqsədilə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslər davam edir. Fevralın 12-də keçirilən növbəti dərsdə rayonun Göylər kənd 1 saylı, 2 saylı, Göylər-Çöl tam orta məktəblərindən 60 nəfər şagird iştirak etmişdir.
Məktəblilər əvvəlcə Ulu Öndərin abidəsi önünə təzə-tər çiçəklər düzmüş, sonra isə Heydər Əliyevin Mərkəzi ilə tanış olmuşlar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və digər sənədlər barədə geniş məlumat verilmişdir.
Dərs zamanı M.Hadi adına şəhər 9 saylı tam orta məktəbin tarix müəllimi İbrahimova Püstə Sərxan qızı “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunu tədris edib. Şagirdlər Ümummilli Liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişini, o dövrdə ölkədəki gərginlik, erməni təcavüzü, hakimiyyət uğrunda mübarizə və s. barədə məlumatları böyük maraqla dinləyiblər.
Məktəblilər Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, bu sahədə Ümummilli Liderin misilsiz xidmətləri barədə də hərtərəfli məlumatlandırılıblar. Vurğulanıb ki, Azərbaycanda yeni konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion quruluşun yaradılması böyük uğur idi. Ulu Öndər hakimiyyətə gələnə qədər müstəqil dövlətin Konstitusiyasının hazırlanması ilə əlaqədar elə bir ciddi iş görülməmişdi. Məhz 1995-ci ilin iyulunda Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi və bu sahədə işlər fəallaşdı. Ümumxalq lider Heydər Əliyevin rəhbərliyi və əsas ideyaları ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olundu.
Açıq dərsdə ölkədə hüquqi dövlət quruculuğu prosesində 1998-ci il dekabrın 29-da yaradılan hüquqi islahat komissiyasının da böyük iş gördüyü şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər yalnız qanunların qəbulunu deyil, onların həyata keçirilməsinə də xüsusi qayğı göstərirdi, 1988-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı“ təsdiq edildi və reallaşdırılmağa başlandı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda konstitusion dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən xəbər verən bu və bu kimi məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib. Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunmuşdur.