Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Zakir Qaralov Şamaxıda vətəndaşları qəbul edib

13 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov fevralın 13-də Şamaxı şəhərində 6 rayondan olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Şamaxı rayon prokurorluğunun inzibati binasında Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan 78 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Keçidlər