Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir

30 yanvar 2015 | 16:00

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin təsdiq etdiyi qrafikə uyğun olaraq cari ilin yanvar ayının 7-dən 30-dək rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.

30 yanvar 2015-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı keçirildi. Hesabat yığıncağında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, başçının müavinləri, rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak edirdilər.

Əvvəlcə rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahnəzər Qasımov hesabat məruzəsi ilə çıxış edib,  2014-cü ildə görülmüş işlərdən və qarşıya qoyulmuş vəzifələrdən danışdı.

Sonra Böyük Xınıslı kənd Körpələr evi-uşaq bağçasının müdiri Rəşidə Rüstəmova işlədiyi təşkilatın ötən ilki fəaliyyəti barədə məruzə etdi.

Şamaxı Elektrik Şəbəkəsinin rəisi Rəşad Gərayev, “Yaşıllaşdırma” MMC-nin rəisi Ələddin Musayev və Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin müdiri Hacımurad Mahmudov şəhərdə aparılan işlər barədə ətraflı hesabat verib, çatışmazlıqların tezliklə aradan qaldırılacağını bildirdilər.  

Hesabatın sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif ağayev çıxış etdi. Natiq bildirdi ki, 2014-cü il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır:

- Məhz bu müdrik siyasətin nəticəsində artıq dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir.

Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları cənab Prezidentin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Təsadüfi deyil ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.

2014-cü il ölkəmizdə sənayenin inkişafı üçün mühüm il olmuşdur.

“Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır. Bu layihə ölkəmizin gələcək inkişafının qarantı olmaqla uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir.

Ötən ilin sonlarında cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” sözsüz ki, qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir.

Möhtərəm cənab prezidentimizin ötən il də regionlara mütəmadi səfərləri, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr regionların inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır.

Bildiyiniz kimi cənab Prezident İlham Əliyev ötən ilin may ayının 14-də Şamaxı rayonuna da səfər etmiş, ən müasir tələblərə cavab verən – “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışında iştirak etmişdir.

Həmin açılış mərasimində “Ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır. Bildiyimiz kimi, 2013-cü ildə  tariximiz, milli dəyərlərimizin qorunması üçün çox əlamətdar hadisə baş vermişdir. 743-cü ildə tikilmiş, Azərbaycanda və müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi əsaslı bərpadan sonra açılmışdır. Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə verdiyimiz töhfədir, mənəvi borcumuzdur” deyən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Şamaxı da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” cənab Prazidentin Fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda 68 sahibkara 4.8 milyon manat həcmində güzəştli kredit verilmişdir ki, təqdim olunan layihələr üzrə 120-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq hamıya məlumdur ki, cənab Prezident İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişdir. Bu gün fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Çıxışının sonunda rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev bir daha vurğulamışdır ki, bu gün ölkəmizin hərtərəfli inkişafı cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin nəticəsidir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

Keçirilmiş hesabat yığıncaqlarında söylənilən fikirlər, tənqidi qeydlər rayon İcra Hakimiyyətində təhlil olunmuş və ümumiləşdirilərək icrası nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə müvafiq mərkəzi icra orqanları qarşısında məsələ qaldırılmışdır.

Keçidlər