Şamaxıda Azpetrolun yeni yanacaqdoldurma məntəqəsi açıldı
27 dekabr 2014-cü il tarixində Şamaxıda Azpetrol Şirkətinin yeni yanacaqdoldurma məntəqəsinin açılışı oldu.
Yeni məntəqənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azpetrol Şirkətinin baş direktoru Hüseynağa Rəhimov və qonaqlar iştirak edirdilər.
Məntəqənin açılışı zamanı Azpetrol Şirkətinin baş direktoru Hüseynağa Rəhimov öz çıxışında qeyd etdi ki, bu gün Şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı hamımız üçün çox əziz olan günlərə - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramlarına təsadüf etdiyindən xüsusilə əlamətdardır.
Əsası hələ keçən əsrin 70-ci illərindən, yəni ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı dövrdən qoyulmuş və yaşadığımız günlərdə uğurla davam etdirilən yeni sənaye obyektlərinin açılışı dayanmamış, abadlıq və quruculuq işləri səngiməmiş, əksinə daha geniş vüsət almışdır.
Öz çıxışında Hüseynağa Rəhimov onu da vurğuladı ki, özəl sektorun Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnərək günü-gündən güclənməsi möhtərəm prezidentimiz İlham Əliyev cənablarının birbaşa rəhbərliyi və nəzarəti altında keçirilən uğurlu və ardıcıl iqtisadi siyasətinin məntiqi nəticəsidir.
Şirkətin rəhbəri daha sonra qeyd etdi ki, yeni məntəqənin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur ki, bu da bizim fəaliyyətimizin əsas istiqmətlərindən biridir. Bu baxımdan yeni açılan məntəqənin istifadəyə verilməsi ilə 36 yeni daimi iş yerinin açıldığını xüsusilə qeyd etmək istərdim.