Şamaxı ilə Qayar arasında qardaşlıq körpüsü quruldu
Fransa Respublikasının qədim tarixə malik Qayar şəhəri İsveçrənin Cenevrə şəhəri ilə sərhəddə yerləşir. Avropanın ən yüksək zirvəsində-- Alp silsiləsində qərar tutan bu şəhər yaşıllıqlar içərisində nəfəs alan bir məkandır. 11800 nəfər əhalisi olan Qayar şəhərini həm də güllər diyarı adlandırırlar. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. Bu şəhər mədəniyyətlərin müxtəlifliyi ilə bütün dünyaya açıqdır.
Qayar haqqında qısa təqdimatdan sonra diqqətinizə çatdırmaq istəyirik ki, 2012-ci ilin 29 may- 1 iyun tarixlərində həmin şəhərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi nəzərdə tutulurdu. Eyni zamanda bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Şamaxı şəhəri ilə Fransanın Qayar şəhəri arasında əməkdaşlıq münasibətlərinin qurulması və bu məqsədlə müvafiq Bəyanatın imzalanması da bu səfərin gündəliyinə daxil edilmişdi.
Müvafiq razılaşmaya uyğun olaraq Azərbaycandan, o cümlədən Şamaxıdan olan nümayəndə heyyəti 29 may 2012-ci il tarixdə həmin şəhərə yola düşmüşdür. Nümayəndə heyyətini İsveçrənin Cenevrə şəhərindəki hava limanında Qayar şəhər merinin mədəniyyət məsələləri üzrə müavini cənab Maris Simon, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin mədəniyyət üzrə ataşesi Hamlet Ələkbərov və birinci katibi Elmar Məmmədov qarşılamışlar. Xüsusi avtobuslarla Qayar şəhərinə gələn azərbaycanlı qonaqlar həmin günü otellərdə yerləşdirilmişlər.
30 may 2012-ci il tarixdə Avropanın ən gözəl şəhərlərindən biri olan Qayarın ”Şato” adlanan qəsrində Şamaxı nümayəndə heyyətinin rəsmi qaşılanma mərasimi keçirilmişdir. Həmin günü bu qəsrin üzərində Azərbaycan bayrağı dalğalanmışdır. Həmçinin bu qəsrin yaxınlığında yerləşən tarixi iqamətgahın giriş qapısının hər iki tərəfi də milli bayraqlarımızla yanaşı həm də Şamaxının tarixi keçmişini əks etdirən bayraqla bəzədilmişdi. İqamətgahın birinci və ikinci mərtəbələrində Azərbaycanın, o cümlədən Şamaxının tarixini, mədəniyyətini, incəsənətini, tarixi abidələrini, ədəbiyyatını özündə əks etdirən sərgilər hazırlanmışdı.
Qayar şəhərinin “Şato” qəsrində Azərbaycan, eləcə də ölkəmizin qədim tarixə malik olan şəhərlərindən biri Şamaxı ilə bağlı mərasim keçirildi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun, Qayar şəhərinin meri Rene Manyenin və Fransanın digər rəsmi şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı barədə video-çarx nümayiş etdirildi. Vieo-çarx tədbir iştirakçılarına bu qədim diyarın malik olduğu gözəl təbiət, zəngin adət-ənənələri, burada istehsal olunan məhsullar barədə geniş məlumat verirdi. Qayarlılara Şamaxı xalçaçılıq məktəbi barəsində də danışıldı. Bildirildi ki, qədim və orta əsr mənbələrində geniş söhbət açılaraq yüksək dəyərləndirilən Azərbaycan xalçaları bu gündə öyrənilir və tədqiq olunur. Qayar şəhərinin merinə Şamaxıda geniş yayılan misgərlik sənəti barəsində də ətraflı məlumat verilərək qeyd olundu ki, Şamaxı ustaları tərəfindən hazırlanan mis qablar hazırda dünyanın bir çox müzeylərinin bəzəyinə çevrilmişdir.
Ümumiyyətlə, Şamaxı şəhərinin nümayəndə heyyətinin bu səfəri ilə Qayar sakinlərində Azərbaycan, paytaxtımız Bakı, ən gözəl regionlardan biri olan Şamaxı barədə daha ətraflı məlumat bazası yaradıldı. Bu imkanı Qayar şəhərinə gətirilən tariximiz, coğrafiyamız, mədəniyyətimiz, mətbəximiz, adət və ənənələrimiz haqqında fransız dilində nəşr olunan müxtəlif nəşrlər daha da mükəməlləşdirdi. Bunlar Qayar sakinlərində ölkəmizə marağı artırmaqla yanaşı bir çox həqiqətləri də ortaya qoyurdu.
Meriyanın binasında Azərbaycan və Şamaxı ilə bağlı sərgilər də təşkil olundu. Ölkəmiz haqqında geniş məlumatları əks etdirən bu sərgi ilə tanış olan Qayar rəsmiləri və bu şəhərin sakinləri bir daha əmin oldular ki, Azərbaycan zəngin tarixə malik bir ölkədir. Respublikamız Qafqazın ən qədim dövlətlərindən biri olaraq öz tarixinə böyük hörmətlə yanaşır, adət-ənənələrini indi də qoruyub saxlayır. Sərgidə Azərbaycanın qədim bölgəsi Şamaxı barədə verilən bigilər, bu regionun geyimləri, xalq sənəti nümunələri qayarlılarda daha böyük maraq yaratdı.
Şamaxı və Qayar şəhərlərinin qardaşlaşması ilə başlanan mərasim Azərbaycan Respublikasının və Fransanın dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. Qayar şəhərinin meri Rene Manyen Azərbaycandan gələn nümayəndə heyyətini salamlayaraq bildirdi ki, burada Azərbaycanla, o cümlədən Şamaxı ilə bağlı keçiriləcək tədbirin böyük əhəmiyyəti var. Mədəniyyətlərimizin burada qovuşmasından qürur duyuram. Ölkənizin Qayarda təqdimatı bizim üçün şərəfdir.
Sonra Qayarın coğrafi mövqeyindən, təbiətindən, burada yaşayan millətlərdən danışan şəhər meri vurğuladı ki, Şamaxı ilə Qayar arasında qardaşlaşma haqqında qərarın qəbul edilməsi önəmli hadisədir. O, çıxışını “Əminəm ki, gələcək nəsillər bu mədəni əməkdaşlığımızdan faydalanacaqlar” sözləri ilə yekunlaşdırdı.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov Azərbaycanın artıq iyirmi ildir ki, müstəqil ölkə kimi yaşadığını, bu illər ərzində bir çox uğurlara imza atdığını, ölkəmizin sürətlə inkişaf etdiyini söylədi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan-Fransa arasında qurulan geniş əməkdaşlıq əlaqələrinə toxunaraq xatırlatdı ki, bu ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fransanın Mədəniyyət və Kommunikasiya naziri Fredirik Mitteranın iştirakı ilə “Fransanın inciləri” adlı sərginin açılışı olub. Bundan əlavə Azərbaycan musiqisi, incəsənəti dəfələrlə yüksək səviyyədə Fransada təmsil olunub və böyük maraqla qarşılanıb. O da qeyd olundu ki, Qayarla qardaşlaşan Şamaxının Azərbaycan tarixində xüsusi yeri vardır. Üç min ildən çox yaşı olan Şamaxı Azərbaycanın mədəniyyətinə, incəsənətinə, elminə böyük töhfələr bəxş etmişdir. Bu şəhər uzun illər Azərbaycanın Şirvanşahlar dövlətinin paytaxtı olub. Fransanın bütün dünyada tanınan yazıçısı Aleksandr Düma 1858-ci ildə Şamaxıda olmuş və təəssüratlarını qələmə almışdır.
Sonra Şamaxı və Qayar şəhərləri arasında dostluq və mədəni əlaqələr barədə bəyanat imzalandı. Sənəddə iki ölkə arasında dostluq əlaqələrini inkişaf etdirmək öhdəlikləri qeyd olunurdu.
Qayarın meri Rene Manyen iki ölkənin şəhərlərini birləşdirən bu dostuluq körpüsünün yaradılmasına xidmət edəcək tədbirlərlə bağlı demışdir:
-- Burada təşkil edilən sərgi çox xoşuma gəldi. Şamaxıya aid xalçalar,qablar çox gözəldir. Xalçaların toxunma qaydalarını da bəyəndim. Deyim ki, bu olduqca çətin işdir. Azərbaycanın belə sərgi təşkil etməsi gözəl təəssürat bağışladı.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov isə səfər təəssüratinı aşağıdakı kimi ifadə etmişdir:
-- Şamaxı nümayəndə heyyəti ilə Qayar şəhər rəhbərliyi arasında böyük dostluq ənənələrinin başlanğıcı bu gün qoyuldu və biz birgə bəyanat inzaladıq. Bu iki xalq arasında, iki şəhər arasında milli-mədəni əlaqələrin daha da gücləndirilməsinə, onların bir-birinə yaxınlaşmasına səbəb olacaqdır.
Həmin günü axşam saat 19-da Qayar şəhərinin mərkəzi mədəniyyət sarayında Azərbaycan Respublikasının incəsənət ustalarının iştirakı ilə konsert keçirilmişdir. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan konsertdə Qayarın meri xanım Rene Manyen, meriyanın nümayəndələri və 300 nəfərədək şəhər sakini iştirak etmişlər.
Bu axşam qayarlılar üçün əsl bayrama çevrilmişdir. Azərbaycan incəsənəti ustalarının ifasında səslənən Azərbaycan musiqisi və milli rəqslərimiz bir daha ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, incə və qüsursuz zövqə malik olduğunu göstərdi.
Konsertdən sonra mədəniyyət sarayının digər zalında Azərbaycan nümayəndə heyyəti tərəfindən meriya nümayəndələrinə və Qayar şəhərinin sakinlərinə Azərbaycan mətbəxinin ləziz yeməklərindən təşkil olunmuş ziyafət verilmişdir. Həmin ziyafətdə 300 nəfərdək Qayar şəhər sakini iştirak etmişdir.
31 may 2012-ci il tarixdə Qayar şəhər meriyası tərəfindən Fransanın Anesi şəhərinə istitahət səyahəti təşkil olunmuşdur. Səyahət zamanı Anesi şəhərində yerləşən Cenevrə gölü boyunca gəmi gəzintisində Şamaxı nümayəndə heyyəti üçün nahar verilmişdir.
Həmin günü axşam Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov tərəfindən ziyafət təşkil olunmuşdur. Ziyafətdə Qayar şəhər meriyasının nümayəndələri- merin mədəniyyət məsələləri üzrə müavini cənab Moris Simon, birinci müavini cənab Jan Fransua Viçard, şəhərsalma üzrə müavini xanım Natali Manyen, təhlükəsizlik üzrə müavini Jan Pol Bosland, ümumi məsələlər üzrə müavini cənab Paskal Şamas və Şamaxı rayonundan gələn nümayəndə heyyəti iştirak etmişlər.
İyunun 1-də Şamaxı rayonunun nümayəndə heyyəti Cenevrə beynəlxalq hava limanından Bakı şəhərinə yola düşmüşdür.
Keçirilən bütün görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar, o cümlədən Şamaxı rayonunda görülən işlər, həyata keçirilən dünya əhəmiyyətli layihələr barədə məlumatlar verilmişdir. Görüşlərdə həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində ölkə rəhbərliyinin apardığı işlərdən ətraflı bəhs edilmişdir.
Bir sözlə, Azərbaycan Respublikası Şamaxı rayonun nümayəndə heyyətinin Fransanın Qayar şəhərinə səfəri uğurla başa çatmışdır.