Rayonun Şərədil kəndinə təbii qaz verilmişdir
Dekabrın 25-də rayonun Şərədil kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini təbrik etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumat vermişdir.
Azəriqaz İstehsalat Birliyinin əsaslı tikinti şöbəsinin mühəndisi Dənyar Heydərov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, 16430 abonentin mənzilinə sayğac və fərdi təmizləyicinin quraşdırılması barəsində məlumat vermişdir. Şərədil kənd ümumi orta məktəbinin müəllimi Abil Mikayılov, kənd ağsaqqalı Əlikram Qəhrəmanov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Ümumiyyətlə çıxışlarda qeyd olunmuşdur ki, son illər rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirmişdir. Şərədil kəndi rayonun təbii qazdan istifadə edən 34-cü yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 82.5%-i təbii qazdan istifadə edir.