Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda el sənətinə məhəbbət

30 noyabr 2014 | 16:00

Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Aran Regional Şöbəsinin dəstəyi ilə Şamaxı rayon Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin aparıcısı Muzeyin Aran Regional Şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı dünya mədəniyyətinə çoxlu sayda dövlət xadimləri, nüfuzlu şahlar, xanlar, alimlər, üləmalar, şairlər, sərkərdələr, dünya şöhrətli memarlar, sənətkarlar, mövlanalar bəxş etmiş ulu Şirvanın aşıq, saz-söz sənətindən, bu sənətin özünəməxsus xüsusiyyətlərindən söz açaraq bu məktəbin tarixi ənənələrini ləyaqətlə qoruyub yaşadan və davam etdirən Aşıq Ağamurad Şirvanlının yaradıcılığından və sənət uğurlarından danışdı. Sonra Aşığın sənət fəaliyyətini, uğurlarını əks etdirən fotaçarxın monitorda nümayiş etdirilməsi tamaşaçıların marağına səbəb oldu.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qonaqları salamlayaraq İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə onu təbrik etdi.
Sonra məclisin mötəbər qonaqları Milli Məclisin deputatı Ərəstun Cavadov, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev, f.e.doktoru professor Məhərrəm Qasımlı, f.e.doktoru professor Qəzənfər Paşayev, f.e.d. professor Buludxan Xəlilov, f.e.d. professor Seyfəddin Qəniyev, f.e. namizədi Elxan Məmmədli söz alaraq Aşıq Ağamuradın yaradıcılığının özəlliyindən, sənətkarlığından, şəxsiyyətindən, cavankən ustadlıq zirvəsinə çatmasından ağızdolusu danışdılar.
Tədbirin musiqili qonaqları dünya şöhrətli muğam ifaçısı Xalq artisti Alim Qasımov, Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Bəsdi Sevdiyeva, Əməkdar mədəniyyət işçiləri Aşıq Uldus Sönməz, Aşıq Əhliman Şirvanlı, Aşıq Gülara Azaflı, I Respublika muğam müsabiqəsinin laureatı Abgül Mirzəliyev, II Respublika və Beynəlxalq  muğam müsabiqələrinin qalibi Mirələm Mirələmov, xanəndə Elnarə Abdullayeva, ustad aşıqlar Yanvar Bədəlov, aşıq Həşim Qubalı, Abbas Musaxanoğlu, Əvəzxan Xankişiyev, xanəndə Elburus Niftəliyev, “Rasimlər” aşıq qrupu möhtəşəm ifaları ilə məclisə rövnəq verdilər.
Sonda Qorqud irsinin davamçısı, mədəniyyətimizin, mənəviyyatımızın keşiyində ləyaqətlə dayanan Aşıq Ağamurad Şirvanlı onun sənətini yüksək qiymətləndirən Dövlətimizə, xalqımıza, səmimi təbriklərinə görə qonaqlara və ürəkdən alqışlarına görə diqqətli tamaşaçılarına minnətdarlığını bildirdi.

Keçidlər