Rayonun Göylər kəndində səyyar qəbul-görüş keçirilmişdir
20 noyabr 2014-cü il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Göylər kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və 200 nəfərdən artıq Göylər kənd sakini iştirak etmişdir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əvvəlcə kənd sakinlərini salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə əkin zamanı toxumla bağlı yaranmış problemlərin rayon rəhbərliyinin köməyi ilə aradan qaldırılması sahəsində görülən işlərə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər. Kəndarası yolların təmir edilməsini, 1 saylı Göylər tam orta məktəbinin yenidən tikilməsini, yüksək gərginlikli elektrik xətlərinin həyətlərdən çıxarılmasını və digər sosial məsələlərin həll olunmasını xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Göylər kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.