Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

08 noyabr 2014 | 16:00

Noyabr ayının 8-də Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon fəallarının iştirakı ilə “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə tər çiçəklər qoyulmuş, sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyun ayının 24-də verilib. Bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olunmuş, Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə isə üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət bayraqla əvəzlənmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
İcra başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Milli Bayraq müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir.
Natiq xüsusi qeyd etmişdir ki, dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində hər bir azərbaycanlının qürur duyacağı “Dövlət bayrağı meydanı” yaradılmışdır. Dövlət başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının “Dövlət Bayrağı Günü” kimi dövlət səviyyəsində qeyd olunur.

Keçidlər