Tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir
Bu gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beynəlxalq Tolerantlıq gününün mahiyyətini bir daha tədbir iştirakçılarına xatırlatmışdır. Natiq qeyd etmişdir ki, bu günün qeyd olunması tolerantlıq qurumunun nizamnaməsində göstərildiyi kimi, dünyada hamının bir-birinə dözümlülüyünü nümayiş etdirməyə, mehriban və qarşılıqlı anlaşma şəraitində yaşamağa çağırışıdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin respublikamızda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada yaşayan bütün millətlərin, xalqların, o cümlədən müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
İcra başçısı çıxışında Azərbaycanda dini və milli dözümlülüyə, tolerantlığa dövlət səviyyəsində diqqət göstərilməsinin nümunəsi kimi Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşləri, Ramazan bayramında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakını və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılmasını xüsusi qeyd etmişdir. Natiq qeyd etmişdir ki, bu fakt ölkəmizdə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstəricisidir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tədbirdə çıxış edən Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun İlahiyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd etmişdir ki, tolreantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir. Hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir və millətlərarası ünsiyyət yüksək səviyyədə təşəkkül tapmışdır. O, qeyd etmişdir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan etmişdir ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir.
Dəyirmi masada iştirak edən Bakı Slavyan Universitetinin əməkdaşı, siyasi elmlər namizədi, dosent İrina Kunina sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olmasını vurğulamışdır. O, qeyd etmişdir ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı dünyada dinlərarası, mədəniyyətlərarası dialoqun mərkəzinə çevirmişdir.
Tədbirə qoşulan rayon ziyalıları oz çıxışlarında milli mənəvi dəyərlərimiz, Azərbaycanın bütün dünyada tolerant ölkə olması ilə bağlı maraqlı fikirlər səsləndirmişlər.