Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda gənc çağırışçıların hərbi hissələrə təntənəli yola salma mərasimi keçirilmişdir

02 oktyabr 2014 | 15:00

     02.10.2014-cü il tarixdə Heydər Əliyev parkında Şamaxı rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilmişdir.
      Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə tər güllər düzülmüş və xatirəsinə dərin ehtiram bildirilmişdir.
     Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2014-cü il oktyabrın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminatında Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır. Rayon rəhbəri bütün hərbi xidmətə yollanan gənclərə  Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzulamış və qeyd etmişdir ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  uzaqgörən siyasəti sayəsində işğal altında olan 20% torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə yeni qələbələr əlavə edəcəyik.
     Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin rəisi Nasir Qurbanov, Müharibə və Əmək veteranları şurasının sədri Ağarza Bayramov, rayon Ağsaqqallar şurasının sədri Aydın Alcanov və valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışlar. Eyni zamanda, xüsusi olaraq qeyd edilmişdir ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmamışdır. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini göstərir.
    Daha sonra tədbir rayonun İncəsənət Təhsili Mərkəzinin musiqi kollektivinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.
    Sonda çağırışçı gənclər müqəddəs “Qurani-Kərim”in altından keçib, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.

Keçidlər