"Azərsu" Şamaxının su təchizatının yaxşılaşdırılması üzrə işlərə başlayıb
Azərbaycanın su operatoru "Azərsu" ASC Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti və yenidənqurma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
"Azərsu"nun hazırladığı tədbirlər planına uyğun olaraq, rayon ərazisində biri Sabir qəsəbəsində, digəri Əngəxaran kəndində olmaqla 2 ədəd artezian quyusu qazılıb.
Əngəxaran kəndində qazılmış quyunun suyu rayon mərkəzini içməli su ilə təmin edən anbara daxil olacaq, oradan isə paylayıcı şəbəkəyə ötürüləcək. Diametri 160 millimetr, uzunluğu isə 1300 metr olan boru xəttinin çəkilişi artıq başa çatıb və hazırda xətlərdə birləşdirmələr aparılır.
İndiyə qədər Sabir qəsəbəsində 750 metr uzunluğunda boru xətti cəkilib. 115 metr uzunluğunda əlavə xətt çəkildikdən sonra isə borular birbaşa şəbəkəyə qoşulacaq.
Yeni qazılmış artezian quyularının ümumi məhsuldarlığı saatda 50 kubmetrdir.
"Azərsu" SC-nin daxili imkanları hesabına həyata keçirilən layihə yaxın günlərdə tam başa çatdırılacaq.