Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

18 iyul 2014 | 15:00

17 iyul tarixində Şamaxı rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda altı ayda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyi, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Rayon Statistika idarəsinin rəisi Azər Məmmədov, Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi Nadir Qədirov və rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov məruzə ətrafında müzakirələrdə iştirak etmişlər. Ümumilikdə 2014-cü ilin birinci yarısının yekunlarını rayonumuz üçün də müsbət qiymətləndirilmişdir.
Tədbirdə xüsusi olaraq qeyd edilmişdir ki, bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 14-də rayonumuza səfər etməsidir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun inşa olunmuş beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılış mərasimində iştirak etmişdir.
Çıxışı zamanı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, 2014-cü ilin birinci yarısında rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin altı ayında rayonda 78 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon manatdan və yaxud 2,8 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,6 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 28 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 26,6 milyon manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 106,7 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22,4 milyon manat olmuşdur. 2014-cü ilin altı ayında rayon üzrə 319 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 10362 iş yeri yaradılmışdır ki, bunun da 7691-i daimi iş yeridir.
Natiq qeyd etmişdir ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 17,1 milyon manatlıq məhsul istehsal edilmişdir.
Dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlərimiz tərəfindən hesabat dövründə 10 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin altı ayında rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 36066 başa, xırdabuynuzlu heyvanların sayı 164428 başa, quşların sayı isə 270110 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hesabat dövründə ət, süd və yumurta istehsalı ötən ilin müvafiq ayları ilə müqayisədə xeyli artmışdır. Arı ailələrinin sayı isə 4853-ə çatdırılmışdır.
Cari ilin altı ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir. Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş Soyqırım abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, pəncərə blokları yenisi ilə əvəz edilmiş və evlərin giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün barılar dekorativ üslubda üzlənmişdir. Həmin ərazidə piyadalar üçün səkilər çəkilmiş, asfalt-beton örtüyü vurulmuş və işıqlandırma sistemi quraşdırılmışdır. Abidənin ətrafında 800 kv.m yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmyerlilərimizin uyuduğu Şəhidlər Xiyabanının əsaslı təmir və yenidənqurulması işləri davam etdirilmişdir. Belə ki, ilk növbədə ərazinin sürüşmə zonasında yerləşdiyi nəzərə alınaraq torpaq sürüşməsinin qarşısının alınması məqsədilə məzarların ərtafına 3270m2 10-15 sm qalınlığında beton verilmişdir. Şəhidlər Xiyabanının ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılmış, parkda 5000 min kv.metrə qədər yaşıllıq zolağı salınmış və  800-ə qədər yeni ağaclar əkilmişdir. Hazırda Şəhidlər Xiyabanında və yeni salınmış parkda işlər sürətlə davam etdirilir.
Bakı istiqamətindən Şamaxı şəhərinə girişdə 200 metr məsafədə torpaq daşınaraq süni yamaclar salınmışdır. Hazırda həmin yamaclarda yaşıllıq salınması və ağac əkilməsi işləri aparılır. Həmin əraziylə üzbəüz sahədə 1000 kv.metrə qədər yaşıllıq zolağı salınmışdır.
Şəhərdə son altı ayda salınmış yaşıllıq zolaqlarının qorunub saxlanılması məqsədilə Zoğalavayçay su anbarından şəhərin S.Ə.Şirvani küçəsinə və şəhərə giriş istiqamətində yerləşən qala divarlarına qədər 4000 p/m-ə qədər 60 və 50 mm-lik plasmas boru ilə texniki su xətti çəkilib istifadəyə verilmişdir.
Cari ilin birinci yarımilliyində rayon icra hakimiyyətinin qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 900 kv.metr üzlük daş döşənmiş və 800 kv.metr yeni yaşıllıq zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə işıqlandırma sistemi çəkilmişdir.
2014-cü ilin birinci yarısında şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin Azadlıq, A.Əhmədov, B.Əzizov, S.Bəhlulzadə, C.Məmmədquluzadə küçələrinə ümumilikdə 9000 kv.metr asfalt beton örtüyü vurulmuşdur. Bu sahədə işlər sürətlə davam etdirilir. 53 km-lik Şamaxı-Padarçöl avtomobil yolunda da ötən dövr ərzində işlər davam etdirilmişdir.
Ötən dövrdə rayonun Muğanlı və Saqiyan kəndlərində 2012-ci ilin mart ayında baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 ədəd yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikintisi növbəti mərhələdə nəzərdə tutulmuşdur.
Rayonun Qaleybuğurd, Nağaraxana və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənmiş kənd ad göstəricisi inşa edilmişdir.
Şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasında artıq son tamamlama işləri aparılır. Yaxın vaxtlarda daha bir necə uşaq bağçası üçün yeni binaların inşasına başlanılması nəzərdə tutulmuşdur. Həmçinin 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. Rayonun Talışnuru, Hacıqədirli, Şərədil kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.
Altı ay ərzində şəhərin küçələrinə 25 km kanalizasiya, 33 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 104 kilometr kanalizasiya və 112 kilometr  su xətti çəkilmişdir.
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otel və “Sakit göl” istirahət mərkəzi istifadəyə verilmişdir. Pirqulu zonasında isə müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
2014-cü ilin birinci yarısında rayon ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Hazırda rayonun 33 yaşayış məntəqəsi üzrə 16308 abonent təbii qazla təmin olunur ki, bu da Şamaxı rayonunda olan 20067 təsərrüfatın 79,9 faizini təşkil edir. Bundan əlavə may ayında Saqiyan və Şərədil kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.
2014-cü ilin altı ayı ərzində rayon ərazisində 10 və 0,4 kv-luq elektrik verilişi hava xətlərində cari təmir işləri aparılmışdır. 110/35/10 kv-luq Şamaxı yarımstansiyasında genişlənmə və yenidənqurma işlərinə başlanmışdır. 35 kv-luq Pirqulu yarımstansiyasinda 2011-ci ildən yarımçıq qalmış xəttin yanidən çəkilməsinə başlanmışdır.
2014-cü ilin altı ayı ərzində rayonda böyük səbəkəyə malik olan təhsil, səhiyyə və mədəniyyət sahələrində də həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox işlər görülmüşdür.
20 Yanvar şəhidləri, 26 Fevral və 31 Mart  azərbaycanlıların soyqrımı günləri, Novruz bayramı, 28 May Respublika günü, 1 İyun Uşaqları Beynəlxalq Müdafiəsi günü münasibətilə bütün təhsil ocaqlarında silsilə tədbirlər keçirilmiş, sərgilər, foto-stendlər təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurulcusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər 2014-cü il fevral ayının 3-dən Heydər Əliyev Mərkəzində Şamaxı rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunmuşdur.
2013-2014-cü tədris ilinin yekununda Şamaxı rayonu üzrə 1017 şagird ümumi orta təhsil haqqında şəhadətnamə, 546 şagird isə tam orta təhsil haqqında attestat almışdır.
2014-cü ilin birinci yarısında  əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon əhalisi tibbi müayinədən keçirilmişdir.
Cari ilin birinci yarısında rayonun mədəni həyatı bir çox tədbirlər və əlamətdar hadisələrlə zəngin olmuşdur. Rayonun mövcud turizm potensialından səmərəli istifadə etməklə bu sahənin daha da inkişaf etdirilməsi prioritet sahə kimi daim diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ilin altı ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatına 683  vətəndaş müraciəti daxil olmuşdur ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 ədəd azdır. Müraciətlərdən 209-u Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 7-i Milli Məclisdən, 9-u  Nazirlər Kabinetindən, 31-i respublikanın digər qurumlarından, 427-i isə vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə ünvanlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxışının sonunda qeyd etmişdir ki, iyul ayının 11-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.

Keçidlər