Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıdakı qədim Gülüstan qalası ilə bağlı yeni tarixi faktlar aşkarlanıb

02 avqust 2011 | 15:00

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Şamaxı rayonunun Gülüstan qalasında apardığı qazıntı işləri zamanı yeni qədim abidələr aşkarlayıb.

Ekspedisiyanın üzvü Səbuhi Hüseynov çərşənbə axşamı bildirib ki, qazıntı zamanı qala divarlarının olduğu güman edilən tikili hissələr, saraya məxsus mətbəx, çoxlu sayda təndirlər, ocaq yerləri, qazanlar, silah nümunələri (nizə və ox ucları), sikkələr, müxtəlif ölçülü saxsı və şüşə məmulatları, iri təsərrüfat küpləri, nəfis hazırlanmış şirəli qablar, daş kirkirə, əl dəyirmanı, eyni zamanda, mətbəxdə, təndirin yanında bir neçə skelet tapılıb.

"Təəccüblü olsa da, bu skeletlər yaşayış yerinin altında dəfn edilib. Birinci skelet islam qaydalarına əsasən üzü qibləyə dəfn edilib, ikinci skeletdə isə islamdan əvvəlki dəfn ayini nəzərə çarpır. Bu da Gülüstan qalasında yaşayışın tarixdən məlum olduğu kimi, VIII əsrdən deyil, daha əvvəlki dövrlərdə olduğunu göstərir", - Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Şirvanşahlar dövlətinin müdafiə istehkamları bir-biri ilə sıx əlaqədar olduğundan burada kompleks tədqiqat işlərinin aparılması vacibdir. Bu səbəbdən Şirvanşahlar dövlətinin əsas müdafiə qalası olan və Gülüstan qalası ilə birbaşa əlaqədə olan Buğurt qalasında tədqiqat işlərinin aparılması lazımdır. Ekspedisiya yaxın günlərdə Buğurt qalasında ilkin kəşfiyyat işlərini həyata keçirməyi də planlaşdırır.

Keçidlər